"Barselona" Madriddə geridönüş etdi: Fermin Lopes dubla imza atdı

 02:06 09.11.2026     98

İspaniya La Liqasının 12-ci turunda "Barselona" səfərdə "Atletiko Madrid"i 2:1 hesabı ilə məğlub edib.

Redaktor.az xəbər verir ki, "Riyadh Air Metropolitano" stadionunda keçirilən qarşılaşmada hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. Xulian Alvaresin ötürməsindən sonra Xuliano Simeone dəqiq zərbə ilə komandasını önə keçirib.

"Barselona" ilk hissənin sonlarında hesabı bərabərləşdirib. Fermin Lopes 45-ci dəqiqədə rəqib qapısına yol taparaq komandaların fasiləyə bərabər hesabla yollanmasını təmin edib.

İkinci hissədə qələbə qolunu da kataloniyalılar vurublar. Görüşün 66-cı dəqiqəsində Lamin Yamalın ötürməsini qola çevirən Fermin Lopes dublunu rəsmiləşdirib və komandasına vacib 3 xal qazandırıb.

Qarşılaşma ərzində topa sahibolma göstəricisində "Barselona" üstün olub – 63 faizə qarşı 37 faiz. Hər iki komanda qapı çərçivəsinə 4 dəqiq zərbə endirib. Gözlənilən qol (xG) göstəricisi isə "Barselona"da 1,54, "Atletiko Madrid"də 1,53 olub. İkili mübarizələrdə meydan sahibləri 55 faiz göstərici ilə üstünlük əldə ediblər.

Bu nəticədən sonra xallarını 33-ə çatdıran "Barselona" La Liqanın turnir cədvəlində liderliyini qoruyub. Kataloniya təmsilçisi 30 xalı olan "Real Madrid"i 3 xal qabaqlayır. "Atletiko Madrid" isə 28 xalla üçüncü pillədə qərarlaşıb.

"Barselona"nın növbəti oyunu noyabrın 22-də doğma meydanda "Vilyarreal"a qarşı olacaq. Komanda noyabrın 29-da səfərdə "Deportivo" ilə qarşılaşacaq. Dekabrın 2-də isə "Atletiko Madrid"i qəbul edəcək. Kataloniya təmsilçisinin dekabrın 6-da "Selta" ilə də oyunu nəzərdə tutulub.

Qeyd edək ki, "Barselona" bu qələbə ilə çempionluq mübarizəsində mövqeyini daha da möhkəmləndirib.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən