Millətlər Liqasında növbəti turun oyunları başlayır: Avropa nəhəngləri meydana çıxacaq

 23:22 11.11.2026     37

UEFA Millətlər Liqasında 2026/2027 mövsümünün qrup mərhələsinin V turunun oyunlarına noyabrın 12-də start veriləcək.

Redaktor.az xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma keçiriləcək. Görüşlər arasında Türkiyə – Belçika, İtaliya – Fransa və İngiltərə – Xorvatiya matçları xüsusi maraq doğurur.

Noyabrın 12-də keçiriləcək oyunlar (Bakı vaxtı ilə):

  • 21:00 – Türkiyə – Belçika (A Liqası, I qrup)

  • 21:00 – Ermənistan – Kipr (C Liqası, II qrup)

  • 23:45 – İtaliya – Fransa (A Liqası, I qrup)

  • 23:45 – Çexiya – İspaniya (A Liqası, III qrup)

  • 23:45 – İngiltərə – Xorvatiya (A Liqası, III qrup)

  • 23:45 – Albaniya – Finlandiya (C Liqası, I qrup)

  • 23:45 – San Marino – Belarus (C Liqası, I qrup)

  • 23:45 – Monteneqro – Latviya (C Liqası, II qrup)

A Liqasında vəziyyət necədir?

Millətlər Liqasının ən yüksək divizionu olan A Liqasında komandalar dörd qrupda mübarizə aparır. Artıq dörd turdan sonra bəzi qruplarda liderlər müəyyən üstünlük əldə ediblər.

I qrupda Fransa 10 xalla birinci pillədə qərarlaşıb. İtaliya 7 xalla ikinci, Belçika 6 xalla üçüncü, Türkiyə isə xalsız sonuncu yerdədir. Türkiyə millisi indiyədək keçirdiyi dörd oyunun hamısında məğlub olub. Komanda Belçika ilə qarşılaşmada ilk xalını qazanmağa çalışacaq. Qrupun digər görüşündə İtaliya və Fransa üz-üzə gələcək.

II qrupda Niderland və Yunanıstan hərəyə 8 xal toplayaraq ilk iki pilləni bölüşürlər. Almaniya 5 xalla üçüncü, Serbiya isə xalsız sonuncudur. Bu qrupun V turunda noyabrın 13-də Niderland Yunanıstanı, Serbiya isə Almaniyanı qəbul edəcək.

III qrupda İspaniya 12 xalla liderdir. İngiltərə 9 xalla ikinci, Xorvatiya 3 xalla üçüncü, Çexiya isə xalsız sonuncu pillədədir. İspaniya və İngiltərə artıq qrupun ilk iki pilləsində qərarlaşmaq üçün ciddi üstünlük əldə ediblər. Bu komandalar noyabrın 12-də müvafiq olaraq Çexiya və Xorvatiya ilə qarşılaşacaqlar. Qeyd edək ki, İspaniya artıq 1/4 final mərhələsinə vəsiqəni təmin edib.

IV qrupda Portuqaliya 12 xalla birinci, Danimarka 6 xalla ikinci yerdədir. Uels və Norveçin hərəyə 3 xalı var. Portuqaliya da 1/4 final mərhələsinə vəsiqəni təmin edib.

B Liqasında liderlər

B Liqasında da dörd qrup üzrə mübarizə davam edir.

I qrupda İsveçrə 12 xalla liderdir. Sloveniya 7 xalla ikinci, Şotlandiya 4 xalla üçüncü, Şimali Makedoniya isə xalsız sonuncu yerdədir.

II qrupda Şimali İrlandiya 8 xalla birinci, Macarıstan 7 xalla ikinci pillədə qərarlaşıb. Ukrayna 4 xalla üçüncü, Gürcüstan isə 2 xalla sonuncudur.

III qrupda Avstriya 8 xalla liderdir. Kosovo və İrlandiya hərəyə 5 xal toplayıb. İsrail 2 xalla dördüncü yerdədir.

IV qrupda İsveç 10 xalla birinci, Bosniya və Herseqovina 8 xalla ikinci, Polşa 4 xalla üçüncü, Rumıniya isə xalsız sonuncu pillədədir.

B Liqasının V turunun oyunları noyabrın 13-14-də keçiriləcək.

C Liqasında mübarizə

C Liqasında da dörd qrup üzrə komandalar növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparırlar.

I qrupda Albaniya 9 xalla liderdir. Belarus və Finlandiya hərəyə 7 xal toplayıb. San Marino isə xalsız sonuncu yerdədir.

II qrupda Monteneqro 10 xalla birinci, Kipr 7 xalla ikinci, Ermənistan 4 xalla üçüncü, Latviya isə 1 xalla sonuncu pillədədir.

III qrupda Slovakiya 10 xalla liderlik edir. Farer adaları və Moldova 4 xalla müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar. Qazaxıstan 2 xalla dördüncüdür.

IV qrupda İslandiya 8 xalla birinci, Estoniya 6 xalla ikinci, Bolqarıstan 4 xalla üçüncü, Lüksemburq isə 3 xalla sonuncu yerdədir.

D Liqasında Azərbaycan liderdir

Azərbaycan millisi Millətlər Liqasının D Liqasında, II qrupda mübarizə aparır.

Dördüncü turun nəticələrinə əsasən, millimiz 5 xalla qrupun lideridir. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi ilk turda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib, ikinci turda isə evdə Lixtenşteynlə qolsuz heç-heçəyə razılaşıb. Üçüncü turda Litvanı 1:0 hesabı ilə məğlub edən komandamız liderliyə yüksəlib.

Millimiz növbəti oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qrupun sonuncu turunda isə noyabrın 16-da Litva və Lixtenşteyn qarşılaşacaq.

D Liqasının I qrupunda Malta 7 xalla liderdir. Gibraltar 2 xalla ikinci, Andorra isə 1 xalla üçüncü yerdədir.

Qeyd edək ki, 2026/2027 mövsümündə Millətlər Liqasının qrup mərhələsi noyabrın 17-də başa çatacaq. A Liqasının qruplarında ilk iki yeri tutan komandalar 2027-ci ilin martında keçiriləcək 1/4 final mərhələsinə yüksələcəklər. A Liqasında üçüncü yeri tutanlar B Liqasının ikinciləri ilə, B Liqasının sonuncuları isə C Liqasının ikinciləri ilə pley-off oyunlarında qarşılaşacaqlar.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən