Türkiyə millisi Belçika ilə bacarmadı - UEFA Millətlər Liqası

 22:58 12.11.2026     98

UEFA Millətlər Liqasının 5-ci turunda Türkiyə millisi öz meydanında Belçikaya 1:2 hesabı ilə məğlub olub.

Redaktor.az xəbər verir ki, İzmir şəhərindəki "Gürsel Aksel" stadionunda keçirilən A Liqasının 1-ci qrupunun görüşündə hesabı meydan sahibləri açsalar da, Belçika millisi ilk hissədə vurduğu iki qolla əzmkar qələbə qazanıb.

Türkiyə millisinin yeni baş məşqçisi Sergen Yalçının debüt matçı olan qarşılaşmaya ev sahibləri fəal başlayıblar. Görüşün 20-ci dəqiqəsində Arda Gülər möhtəşəm qola imza ataraq komandasını hesabda önə keçirib.

Gənc futbolçu təxminən 30-35 metrlik məsafədən yerinə yetirdiyi cərimə zərbəsi zamanı topu birbaşa qapıya göndərib. Ardanın texniki ustalıqla vurduğu zərbə qapının yuxarı küncündən tora daxil olub. Qolun icrası və topun uçuş trayektoriyası futbol azarkeşlərinə Lionel Messinin cərimə zərbələrindən vurduğu qolları xatırladıb.

Lakin Türkiyə millisinin üstünlüyü uzun çəkməyib. 27-ci dəqiqədə Ceremi Dokunun ötürməsindən sonra Kevin De Bröyne hesabı bərabərləşdirib. Cəmi üç dəqiqə sonra isə Maksim De Keyperin məhsuldar ötürməsini Şarl de Ketelare dəqiq tamamlayaraq Belçikanı önə keçirib – 1:2.

İkinci hissədə Türkiyə millisi hesabı bərabərləşdirmək üçün hücumlarını davam etdirsə də, qapılara başqa qol vurulmayıb. Beləliklə, qarşılaşma Belçika yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə millisinin qrupdakı vəziyyəti

Bu məğlubiyyətdən sonra Türkiyə millisi A Liqasının 1-ci qrupunda keçirdiyi beş oyunun hamısında məğlub olaraq xalsız qalıb. Komanda 3 qol vurub, qapısında isə 13 qol görüb.

Hazırkı nəticələrə əsasən, qrupda Fransa 10 xalla liderdir. Belçika 9 xalla ikinci, İtaliya 7 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə isə 0 xalla sonuncu – dördüncü yerdədir.

Türkiyə millisi artıq qrupun ilk iki pilləsində qərarlaşmaq və UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanmaq şansını itirib. Komanda qrup mərhələsinin son turunda noyabrın 15-də Fransanın qonağı olacaq.

Qeyd edək ki, 2026/2027 mövsümündə tətbiq edilən xüsusi reqlamentə əsasən, A Liqasının dördüncü pilləsində qərarlaşan komandaların ən zəif ikisi birbaşa B Liqasına düşəcək, digər iki komanda isə B Liqasının ikinciləri ilə pley-off oyunları keçirəcək. Buna görə Türkiyənin birbaşa aşağı liqaya düşüb-düşməyəcəyi digər qruplardakı nəticələrdən də asılı olacaq.

Belçika isə bu qələbə ilə xallarını 9-a çatdıraraq qrupun ilk iki pilləsində qərarlaşmaq və 1/4 finala yüksəlmək uğrunda mübarizəsini davam etdirir.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən