Arda Gülərə heyran qaldılar - Messiyə bənzətdilər

 23:53 13.11.2026     112

Türkiyə millisinin futbolçusu Arda Gülərin Belçika yığmasının qapısına vurduğu möhtəşəm qol Avropa futbol ictimaiyyətinin diqqətini çəkib.

Redaktor.az xəbər verir ki, UEFA Millətlər Liqasının A Liqasında keçirilən Türkiyə – Belçika qarşılaşmasında Arda Gülərin cərimə zərbəsindən vurduğu qol həm rəqib futbolçuların, həm də Avropa mətbuatının heyranlığına səbəb olub.

İzmirdə keçirilən görüşün 20-ci dəqiqəsində təxminən 25 metr məsafədən cərimə zərbəsi yerinə yetirən Arda topu Belçika qapısının yuxarı küncünə göndərib. Qapıçı Senne Lammensin müdaxilə edə bilmədiyi bu zərbə qarşılaşmanın ən yaddaqalan anına çevrilib.

Maraqlıdır ki, Ardanın qoluna rəqib komandanın futbolçuları da xüsusi qiymət veriblər.

Belçika millisinin qapıçısı Senne Lammens qarşılaşmadan sonra gənc futbolçunun zərbəsini yüksək qiymətləndirib:

"Bəzi anlarda rəqibinizi sadəcə alqışlamalısınız. Arda Gülərin qolu da elə qollardan idi. Belə qola şlyapa çıxarmaq lazımdır".

Belçika millisinin kapitanı Kevin De Bruyne də Arda haqqında tərif dolu fikirlər səsləndirib.

"Arda Gülər möhtəşəm futbolçudur. Türkiyədə diqqətimiz onun üzərində idi. Digər komanda yoldaşları da daha çox məsuliyyət götürməlidirlər. Çünki bütün məsuliyyət Ardanın üzərində idi. Biz də oyun planımızı buna uyğun qurmuşduq. Arda dünyanın ən yaxşı klublarından birində çıxış edir və dünyanın ən yaxşı futbolçularından biridir", – De Bruyne bildirib.

İspaniya mətbuatı Ardanı Messiyə bənzətdi

Arda Gülərin qolu İspaniyanın nüfuzlu idman nəşrlərinin də gündəminə düşüb.

"Marca" nəşri türkiyəli futbolçunun Belçikaya vurduğu qolu Lionel Messinin 2018-2019-cu il mövsümündə Çempionlar Liqasının yarımfinalında "Liverpul"un qapısına vurduğu möhtəşəm cərimə zərbəsi ilə müqayisə edib.

"Mundo Deportivo" isə Arda Güləri dahi adlandıraraq onun Messinin məşhur qoluna bənzər zərbəyə imza atdığını yazıb.

"AS" nəşri Ardanın Belçika ilə görüşdəki çıxışını yüksək qiymətləndirib. Qəzet futbolçunun komandasının hücumlarına rəhbərlik etdiyini, həm komanda yoldaşlarına imkanlar yaratdığını, həm də özü qapıya təhlükə yaratdığını vurğulayıb.

"20minutos" nəşri isə Ardanın qolunu Türkiyə adına möhtəşəm qol kimi təqdim edib və onun zərbəsini futbol sənəti nümunəsi adlandırıb.

Belçika mətbuatında da Arda Gülərə xüsusi diqqət ayrılıb. "Gazet van Antwerpen" 21 yaşlı futbolçunu artıq Türkiyə millisinin lideri kimi təqdim edib. "Het Nieuwsblad" isə onun oyununu və texniki bacarığını ön plana çıxarıb.

Portuqaliyanın "A Bola" nəşri Ardanın zərbəsini inanılmaz və möhtəşəm qol kimi qiymətləndirib.

Qeyd edək ki, Arda Gülərin möhtəşəm qoluna baxmayaraq, Türkiyə millisi Belçika ilə qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Kevin De Bruyne və Çarlz De Ketelarenin qolları Belçika yığmasına qələbə qazandırıb.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən