Kosovo və İsrail milliləri qolsuz bərabərə qaldı
UEFA Millətlər Liqasının B Liqasının 3-cü qrupunda 5-ci turun oyunları çərçivəsində Kosovo yığması doğma meydanda İsrail millisini qəbul edib. Priştinadakı "Fadil Vokrri" stadionunda baş tutan qarşılaşmada hesab açılmayıb — 0:0.
Redaktor.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən matçın birinci hissəsində meydan sahibləri hesabı açmağa çox yaxın olublar. Lakin Lindrit Kamberinin baş zərbəsindən sonra top qapı dirəyindən qayıdıb.
İkinci hissədə Kosovo yığması çətin vəziyyətlə üzləşib. Matçın 66-cı dəqiqəsində Veldin Hoca qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Say üstünlüyü qazanan İsrail millisi qalan dəqiqələrdə təzyiqi artırsa da, hesabı dəyişə bilməyib. Qarşılaşmanı slovakiyalı referi İvan Krujlyak idarə edib.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Kosovo B3 qrupunda 2-ci pillədəki mövqeyini qoruyub. Aktivində 3 xal olan İsrail yığması isə 4-cü — sonuncu pillədə qərarlaşıb. Qrupun digər oyununda lider Avstriya (8 xal) İrlandiya Respublikası (5 xal) ilə üz-üzə gəlir.
Turan ASLAN













