Həmin klublar haqda qərar verildi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Alanyaspor Baku” və “Lion” klublarının şikayətlərinə baxaraq müvafiq qərarlar qəbul edib.
Redaktor.az xəbər verir ki, hər iki klubun apellyasiya şikayəti qismən təmin olunub.
“Alanyaspor Baku”nun U-13 komandasında çıxış edən Cəbrayıl Hüseynovun 3 oyunluq cəzası 2 matça endirilib. Futbolçu “Step FK” ilə matçın 40-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə almışdı.
“Lion”un gənclər komandasında çıxış edən Həsən Hüseynovun 6 oyunluq cəzası və klubun 1200 manat cərimələnməsi ilə bağlı əvvəlki qərar isə ləğv edilib. İş yenidən baxılması üçün AFFA İntizam Komitəsinə göndərilib.
Qeyd edək ki, Həsən Hüseynov “Turan Tovuz”la qarşılaşmanın 80-ci dəqiqəsində rəqib komandanın qapıçısını təhqir etdiyinə görə meydandan qovulmuşdu.
Klublar hər iki qərardan Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.













