Monteneqrodan 4 qollu şou, Ermənistandan qolsuz heç-heçə - Millətlər Liqası
UEFA Millətlər Liqasında qrup mərhələsinin sonuncu – VI turunun oyunları çərçivəsində C Liqasının 2-ci qrupunda iki qarşılaşma baş tutub.
Redaktor.az xəbər verir ki, günün əsas diqqət çəkən görüşü Kolossidə keçirilib. "Alphamega" stadionunda Kipr yığmasını sınağa çəkən Monteneqro millisi səfərdən 4:1 hesablı inamlı qələbə ilə ayrılıb.
Matçın 5-ci dəqiqəsində Nikola Krstoviçin ötürməsini dəqiq tamamlayan Milutin Osmayiç qonaqları hesabda önə keçirib. İlk hissə minimal üstünlüklə başa çatsa da, fasilədən sonra meydan sahibləri tarazlığı bərpa ediblər. 52-ci dəqiqədə İoannis Pittas penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin qonaqların cavabı gecikməyib. 58-ci dəqiqədə Milan Vukotiç Monteneqronu yenidən hesabda irəli çıxarıb. Ardınca meydana çıxan Nikola Krstoviç 67 və 83-cü dəqiqələrdə dubl edərək qarşılaşmada son nöqtəni qoyub.
Qrupun digər matçında isə Latviya və Ermənistan yığmaları Riqada üz-üzə gəliblər. "Skonto" stadionunda keçirilən gərgin mübarizə qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.
Beləliklə, VI turdan sonra C Liqasının 2-ci qrupunda yekun turnir cədvəli formalaşıb. Məğlubiyyətsiz seriyasını davam etdirən Monteneqro 16 xalla qrup lideri kimi birbaşa B Liqasına vəsiqə qazanıb. Böyükhesablı məğlubiyyətə baxmayaraq, 8 xal toplayan Kipr millisi ikinci pillədə qərarlaşıb və B Liqasına yüksəlmək üçün pley-off oyunlarında gücünü sınayacaq. Qrup mərhələsini 6 xalla üçüncü sırada başa vuran Ermənistan C Liqasındakı yerini qoruyub. Aktivində cəmi 2 xal olan Latviya yığması isə turniri sonuncu pillədə tamamlayıb.
UEFA Millətlər Liqası
C Liqası, 2-ci qrup
VI tur
Kipr – Monteneqro – 1:4
Qollar: İoannis Pittas, 52 (pen.) – Milutin Osmayiç, 5; Milan Vukotiç, 58; Nikola Krstoviç, 67, 83.
Latviya – Ermənistan – 0:0
Yekun turnir cədvəli: 1. Monteneqro – 16 xal, 2. Kipr – 8, 3. Ermənistan – 6, 4. Latviya – 2.
Turan ASLAN













