Oyun zamanı başına top dəyən 18 yaşlı futbolçu ÖLDÜ
Argentinada 18 yaşlı futbolçunun ölümü ölkə idman ictimaiyyətində böyük kədərə səbəb olub.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Futbol Club Ezeiza klubunun aşağı yaş qruplarında çıxış edən Abel Nunez başından aldığı ağır zədə nəticəsində vəfat edib.
Hadisə noyabrın 12-də Argentinanın Buenos-Ayres əyalətinin Xose K. Pas şəhərində yerləşən Club Atletico La Sonia-nın idman kompleksində baş verib. Gənc futbolçu AFA-nın (Argentina Futbol Assosiasiyası) təşkil etdiyi Juveniles C turnirinin Quinta Division mərhələsində komandası ilə Deportivo Muniz arasında keçirilən qarşılaşmada iştirak edib.
2008-ci il təvəllüdlü və 10 nömrəli forma ilə çıxış edən Abel Nunez oyunun gedişində rəqib komandanın müdafiəçisinin uzaqlaşdırdığı topun başına dəyməsi nəticəsində yerə yıxılıb və huşunu itirib. Ona meydançada ilkin tibbi yardım göstərilib, daha sonra təcili olaraq xəstəxanaya çatdırılıb.
Hadisədən sonra qarşılaşma dərhal dayandırılıb. Həmin gün keçirilməsi planlaşdırılan növbəti yaş qrupunun oyunu da ləğv edilib.
Xəstəxanaya yerləşdirilən futbolçu ağır vəziyyətdə əməliyyat olunub. Futbol Club Ezeiza onun səhhəti ilə bağlı məlumat yayaraq azarkeşləri, futbolçuları və idman ictimaiyyətini gəncin sağalması üçün dua etməyə çağırıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun vəziyyətində yaxşılaşma olmayıb. Abel Nunez noyabrın 15-də vəfat edib.
Məlumata görə, gənc futbolçu yalnız Futbol Club Ezeiza-nın aşağı yaş qruplarında deyil, həm də Buenos-Ayresdə fəaliyyət göstərən Nueva Estrella klubunun futzal üzrə ehtiyat komandasında çıxış edib. O, 2024-cü ildən həmin klubun üzvü olub.
Futbolçunun vəfatından sonra Nueva Estrella klubu noyabrın 15-nə nəzərdə tutulan bütün idman fəaliyyətlərini, o cümlədən Argentinos Juniors ilə futzal qarşılaşmasını ləğv edib.
Klubun yaydığı vida mesajında Abel Nunezin həmişə onların ailəsinin bir üzvü olaraq qalacağı bildirilib. Argentinos Juniors da gənc futbolçunun vəfatı ilə bağlı başsağlığı verib.
Futbol Club Ezeiza isə yaydığı açıqlamada gənc oyunçunun itkisini böyük kədərlə qarşıladıqlarını, ailəsinə, dostlarına və komanda yoldaşlarına dəstək olduqlarını vurğulayıb.
T.İSMAYIL













