Messi Argentina millisinə yeni vəzifədə qayıda bilər
Argentina millisində futbolçu kimi çıxışını başa vuran Lionel Messi yığmaya bu dəfə fərqli statusda qayıda bilər.
Redaktor.az xəbər verir ki, "Motivaciones Futbol" nəşrinin məlumatına görə, ulduz futbolçu Argentina millisinin gənc futbolçularına mentorluq etmək üçün nəzərdən keçirilir.
Ehtimal olunan plana əsasən, Messi təcrübəsini yeni nəslin nümayəndələri ilə bölüşəcək, onlara məsləhətlər verəcək və inkişaflarına dəstək olacaq.
Bu rol 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı Serxio Aquero tərəfindən yerinə yetirilən qeyri-rəsmi dəstək funksiyasına bənzəyir. Həmin vaxt sabiq hücumçu Argentina millisinin futbolçularına komanda daxilində dəstək göstərirdi.
Baş məşqçi Lionel Skaloni də Messinin məşqçilər korpusuna qoşulması ehtimalına münasibət bildirib. O, mətbuat konfransında bu barədə suala zarafatla belə cavab verib:
"Əgər özü gəlmək istəsə, heç bir problem yoxdur. İndi Valter yoxdur, gəlsin".
Skaloni bu sözlərlə məşqçilər korpusundan ayrılaraq müstəqil məşqçilik karyerasına başlayacaq Valter Samuelə işarə edib.













