"Çelsi" son dəqiqələrdə PSJ-ni məğlub etdi – London klubu liderliyə yüksəldi
İngiltərənin “Çelsi” klubu qadınlar arasında UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda Fransanın PSJ komandasını məğlub edib.
Redaktor.az xəbər verir ki, London təmsilçisi doğma meydanda keçirilən qarşılaşmada 1:0 hesablı qələbə qazanıb.
Oyunun böyük hissəsində topa nəzarət edən “Çelsi” rəqib müdafiəsini yarmaqda çətinlik çəkib. PSJ-nin qapıçısı Katarjina Kiedrjinek bir neçə təhlükəli zərbənin qarşısını alaraq komandasını məğlubiyyətdən xilas edib.
Matçın taleyi 87-ci dəqiqədə həll olunub. Künc zərbəsindən sonra yaranan qarışıqlıqdan istifadə edən Veerle Buurman yaxın məsafədən topu qapıdan keçirib.
Qoldan əvvəl PSJ qapıçısı Sjoeke Nüskənin başla endirdiyi zərbəni çətinliklə dəf etmişdi. Lakin bundan sonra təyin olunan künc zərbəsi Fransa təmsilçisi üçün uğursuz nəticələnib.
Qarşılaşmanın son dəqiqələrində PSJ hesabı bərabərləşdirməyə çalışsa da, “Çelsi”nin qapıçısı Hannah Hampton rəqibin hücumlarının qarşısını alıb.
Beləliklə, “Çelsi” 1:0 hesablı qələbə sayəsində turnir cədvəlinin zirvəsinə yüksəlib. Komanda keçirdiyi beş oyunda məğlub olmayıb və 11 xal toplayıb.
PSJ isə beş oyundan sonra 5 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Çelsi” liqa mərhələsinin son turunda Belçikanın “OH Leuven” komandası ilə qarşılaşacaq. PSJ isə İtaliyanın “Yuventus” klubu ilə üz-üzə gələcək.
Turan ASLAN













