“Liverpul” “Mançester Yunayted”i darmadağın ETDİ

 22:27 22.11.2026     100

İngiltərə Premyer Liqasının növbəti turunda futbol azarkeşlərinin böyük maraqla gözlədiyi şimal-qərb derbisi keçirilib.

Redaktor.az xəbər verir ki, doğma meydanda əzəli rəqibi “Mançester Yunayted”i qəbul edən “Liverpul” inamlı oyun nümayiş etdirərək 4:0 hesabı ilə qələbə qazanıb.

Qarşılaşmanın taleyinə erkən dəqiqələrdə ciddi təsir göstərən hadisə 8-ci dəqiqədə yaşanıb. “Mançester Yunayted”in müdafiəçisi Leni Yoro birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Say üstünlüyündən dərhal yararlanan mersisaydlılar 10-cu dəqiqədə Dominik Soboslainin qolu ilə hesabı açıblar. Cəmi üç dəqiqə sonra Florian Virts Rio Nqumohanın ötürməsini dəqiq tamamlayaraq fərqi iki topa çatdırıb.

İlk hissə “Liverpul”un 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci yarıda da təşəbbüsü əldən verməyən meydan sahibləri 66-cı dəqiqədə növbəti qolu vurublar. Bredli Barkolanın ötürməsindən sonra Rio Nqumoha fərqlənərək hesabı 3:0 edib.

Matçda son nöqtəni isə 82-ci dəqiqədə Viktor Munyoz qoyub. Florian Virtsin məhsuldar ötürməsindən sonra topu rəqib qapısından keçirən futbolçu yekun hesabı müəyyənləşdirib – 4:0.

Qarşılaşmanın statistik göstəriciləri də “Liverpul”un üstünlüyünü əks etdirib. Meydan sahibləri topa 64 faiz, qonaqlar isə 36 faiz sahib olublar. Gözlənilən qolların (xG) göstəricisində də “Liverpul” 4,38-0,60 hesabı ilə üstün olub. Qapıya dəqiq zərbələrdə isə nisbət 11-4 təşkil edib.

Beləliklə, “Liverpul” prinsipial rəqibi üzərində böyükhesablı qələbə qazanıb.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən