“Sabah" - “Barselona” oyunu Azərbaycan və İspaniya klublarının avrokuboklarda 10-cu dueli olacaq
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçiriləcək "Sabah" - "Barselona" oyunu Azərbaycan və İspaniya komandalarının avrokuboklarda 10-cu dueli olacaq.
Redaktor.az xəbər verir ki, indiyədək ölkə təmsilçilərindən yalnız "İnter Bakı" (indiki “Şamaxı”) və "Qarabağ" İspaniya klubları ilə üz-üzə gəlib.
Paytaxt təmsilçisi 2015/2016 mövsümündə UEFA Avropa Liqasının III təsnifat mərhələsində İspaniyanın "Atletik" klubu ilə qarşılaşıb. Bilbaoda keçirilən ilk görüşdə rəqibinə 0:2 hesabı ilə uduzan "İnter Bakı" Bakıda qolsuz heç-heçəyə nail olub. İki oyunun nəticəsinə əsasən, Azərbaycan klubu mübarizəni dayandırıb.
Ağdam təmsilçisi indiyədək UEFA turnirlərində İspaniyanın 4 klubu ilə qarşılaşıb. "Qarabağ" 7 matçın 5-də məğlub olub, 2 görüşdə heç-heçə edib.
"Qarabağ"ın İspaniya klubları ilə ilk dueli UEFA Çempionlar Liqasının 2017/2018 mövsümünün qrup mərhələsinə təsadüf edib. Ağdam klubu "Atletiko" ilə hər iki oyunda heç-heçə edib. Bakıda keçirilən görüş 0:0, Madriddəki qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində "Sevilya" ilə üz-üzə gəlib. Bakıda keçirilən ilk matçda 0:3 hesabı ilə uduzan "Qarabağ" səfərdə də məğlubiyyətlə barışıb - 0:2.
Ağdam təmsilçisi 2020/2021 mövsümündə eyni turnirin qrup mərhələsində "Vilyarreal"la qarşılaşıb. Bakıda keçirilən görüşdə İspaniya klubu 3:1 hesabı ilə qalib gəlib. Komandalar arasında dekabrın 10-da keçirilməli olan cavab matçı isə koronavirus səbəbindən baş tutmayıb. UEFA həmin qarşılaşmada "Qarabağ"a texniki məğlubiyyət verib - 0:3.
"Qarabağ"ın İspaniya təmsilçisi ilə son dueli UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün əsas mərhələsinə təsadüf edib. Ağdam klubu səfərdə "Atletik"ə 1:3 hesabı ilə uduzub.
Beləliklə, Azərbaycan və İspaniya klublarının avrokuboklardakı əvvəlki 9 qarşılaşmasında ölkə təmsilçiləri 3 qol vurub, qapılarında 17 top görüblər. İspaniya klubları 6 qələbə qazanıb, 3 görüş heç-heçə başa çatıb. Top fərqi 17:3-dür.
Xatırladaq ki, "Sabah" - "Barselona" oyunu noyabrın 25-də saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.













