“Heç-heçə və ya qələbə olsa, dünya şoka düşəcək” - “Sabah” – “Barselona” matçı ilə bağlı AÇIQLAMA
İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində noyabrın 25-də “Sabah”la qarşılaşacaq.
“Sabah”ın “Barselona” kimi dünya nəhəngi ilə qarşılaşması Azərbaycan futbolu üçün hansı əhəmiyyət daşıyır? Komandamızdan sürpriz nəticə gözləmək olarmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan tanınmış futbol eksperti, “Futbol Ofisi TV”nin direktoru Elçin Cəfərov qeyd etdi ki, “Sabah”ın UEFA Çempionlar Liqasında yer alması və bu mərhələyə qədər gəlib çıxması özü bir tarixi nəticədir:
"Azərbaycan futbolu ilə Avropanı, ümumiyyətlə, dünya futbolunu müqayisə etdikdə, həqiqətən, çox böyük uğurdur. Çox təəssüflər olsun ki, biz bunu uğur kimi qəbul etməliyik. Çünki ölkəmizdə futbolun inkişafında o qədər temp aşağıdır ki, futbolun inkişafı istiqamətində görülən işlər o dərəcədə arzuolunmaz səviyyədədir ki, liqa mərhələsinə yüksəlməyi tarixi uğur kimi dəyərləndiririk.
Amma “Sabah” özü klub rəhbərliyi olaraq, texniki heyət olaraq, futbolçu olaraq çox böyük iş görür. Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqda “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskasın oyunçularına dediyi bir söz var: “Çıxın, oynadığınız futboldan zövq alın”. Yəni əsas məsələ budur. Rəqibin kimliyindən asılı olmayaraq, “Sabah” öz oyun anlayışını meydanda tətbiq etməyə çalışır, bu çox önəmli detaldır".

Həmsöhbətimiz vurğuladı ki, rəqib “Barselona” dünyanın sayılıb-seçilən, populyarlığına görə ilk üçlükdə yer alan klubudur:
"Təbii ki, “Sabah”ın heyətində yer alan legioner futbolçular da özlərini göstərmək baxımından bu matçda daha artığını etməyə çalışacaqlar. Çünki bu vitrindir və bütün dünya izləyəcək, diqqət mərkəzində olacaqlar. Böyük beşlik ölkələrinə adlamaq üçün, getmək üçün, transfer olunmaq üçün bu matçda əllərindən gələni əsirgəməyəcəklər. Bu dəqiqdir.
“Barselona” - “Sabah” matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma çox önəmli əhəmiyyət daşıyır və mən elə düşünürəm ki, növbəti dəfə Avropa, dünya, bütün planet Bakının gözəlliyini müxtəlif videoçarxlarda bura təşrif buyuran azarkeşlərin paylaşımları ilə növbəti dəfə izləmiş olacaqlar".
Onun fikrincə, bu matçdan azarkeşlər olaraq, komanda olaraq hər kəs zövq almalıdır.
"Təbii ki, hər kəs böyük hesablı məğlubiyyətdən danışır və sairə. Nəticənin necə olacağını deyə bilmərəm, amma “Sabah” layiqli mübarizə aparacaq, əminliklə söyləyə bilərəm.
İnşallah ki, heç-heçə və yaxud da qələbə olsa, dünyada şoka salan bir nəticə olacaq. Odur ki, uğurlar diləyirik. İnşallah, hər şey Azərbaycan üçün xeyirli olsun", - deyə o fikirlərini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI













