Hans Flik "Sabah"ı La Liqa komandalarına bənzətdi
"Sabah" maraqlı futbol oynamağı sevən komandadır".
Redaktor.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçiriləcək "Sabah" - "Barselona" oyunundan əvvəl Kataloniya təmsilçisinin baş məşqçisi Hans Flik deyib.
O bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar:
"Bura Çempionlar Liqasıdır və burada zəif rəqib yoxdur. "Sabah" da özünəməxsus futbol oynayan komandadır. Məşqçilər heyətimlə birlikdə "Sabah"ın oyununu təhlil edərkən onların La Liqa komandalarına bənzədiklərini və oyun üslubuna görə La Liqadakı rəqiblərimizdən fərqlənmədiklərini qeyd etdik.
"Sabah" tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edir. Onlar hər oyuna 100 faiz motivasiya ilə çıxırlar. "Barselona" olaraq başa düşürük ki, sabahkı oyunda mütləq qələbə qazanmalı və aktivimizə növbəti üç xalı yazdırmalıyıq".
Baş məşqçi Lamin Yamalın Bakıya gəlməməsinin səbəbindən də danışıb:
"Biz əvvəllər də Yamalsız oynamışıq. O, meydanda olmadan necə qələbə qazanacağımızı bilirik. Dünən səhər onu müayinə etdik və İspaniyada qalmasının daha məqsədəuyğun olduğuna qərar verdik. Sabahkı oyunda müəyyən rotasiyalar olacaq. Çünki futbolçularım sıx oyun qrafiki səbəbindən çox yorulublar".
Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 21:45-də başlayacaq (oxu.az).













