"“Beşiktaş”ın oyunu futboldan çox, başqa məsələlərlə gündəmdədir" - Ekspert
Bu gün UEFA Avropa Liqasının liqa mərhələsinin V turu çərçivəsində növbəti oyunlar keçiriləcək. Turun proqramına 18 qarşılaşma daxildir. Günün diqqətçəkən matçlarından birində Türkiyənin “Beşiktaş” klubu İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
İdman eksperti Kənan Məstəliyev Redaktor.az-a bildirdi ki, bu qarşılaşma futboldan daha çox, futboldankənar mövzularla yadda qalır:
"Bu üzücüdür. Çünki futbol siyasətdən kənarda olmalıdır. Təəssüf ki, vəziyyət belə gətirib və “Beşiktaş” artıq ikinci dəfədir İsrail komandaları ilə qarşılaşmasını öz meydanında keçirə bilmir. Bu dəfə də oxşar vəziyyət yaşandı. Hətta komandanın təyyarəsi səfər zamanı ildırım vurması səbəbindən məcburi olaraq Rizedə təcili eniş etməli olub. Bundan sonra komanda oyunun keçiriləcəyi Batumi şəhərinə avtobusla yollanmalı olub. Təəssüf ki, vəziyyət belədir. Halbuki futbol matçlarında futbolun özünü müzakirə etməliyik, amma bunu edə bilmirik".
Onun sözlərinə görə, belə halların təkrarlanmaması üçün məsələyə artıq müəyyən formada aydınlıq gətirilməli və vahid yanaşma ortaya qoyulmalıdır:
"Birmənalı standartlar müəyyən olunmalıdır ki, komandalar belə vəziyyətlərlə üzləşməsinlər. Futbol baxımından isə “Hapoel Beer-Şeva” kifayət qədər güclü və yaxşı komandadır. Bu komanda bizim çempionumuz “Sabah”la da qarşılaşmışdı. “Sabah” iki oyunun nəticəsinə əsasən rəqibini üstələyərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmışdı. “Hapoel Beer-Şeva” istənilən rəqibə qarşı çətinlik yarada biləcək komandadır".
Ekspert qeyd etdi ki, “Beşiktaş” da zəif deyil:
"Komandanın heyətində çox keyfiyyətli, ulduz futbolçular var və hazırda yüksəlişdədir. “Beşiktaş” özünü Avropada sübut etməyə, Avropa səhnəsində adından söz etdirməyə çalışır. Ona görə də bu matça maksimum köklənəcəklər. İstanbullular qarşılaşmadan qələbə ilə ayrılmağa çalışacaqlar. Düşünürəm ki, bu oyunda yenə də favorit tərəf “Beşiktaş”dır. Komandanın qalib gəlmək ehtimalı rəqibi ilə müqayisədə daha yüksəkdir".
Xədicə BAXIŞLI













