Qalmaqallı gecədə “Beşiktaş” qələbəsi: Batumidə həm dava düşdü, həm qollar vuruldu

 00:24 27.11.2026     104

UEFA Avropa Liqası çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” matçı həm meydandakı mübarizə, həm də tribunada yaşanan insidentlə yadda qalıb.

Redaktor.az xəbər verir ki, gərgin keçən qarşılaşma Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsi tribunada yaranan qarşıdurma səbəbindən yarımçıq dayandırılıb. Belə ki, türkiyəli azarkeşlərdən birinin Fələstin bayrağını qaldırmasından sonra gürcü polisinin ona müdaxilə etməsi tərəflər arasında davaya gətirib çıxarıb. Təhlükəsizlik tədbirləri çərçivəsində baş hakim oyunu saxlayıb və matçda bir müddətlik fasilə yaranıb. Ara sakitləşdirildikdən sonra görüş bərpa olunsa da, ilk hissədə qapılara qol vurulmayıb.

Fasilədən sonra edilən əvəzetmələr “Beşiktaş”ın oyununa dinamika qatıb. 59-cu dəqiqədə Vilfred Ndidinin yerinə meydana çıxan Junior Olaitan 75-ci dəqiqədə hesabı açaraq komandasını önə keçirib. Matçın əsas vaxtının son dəqiqəsində (90') Orkun Kökçü Duşan Vlahoviçin ötürməsini dəqiq tamamlayaraq fərqi iki topa çatdırıb. Qonaqların heyətində Javon East 90+3-cü dəqiqədə Joao Viktorun assistindən sonra təsəlli qoluna imza atıb — 2:1.

Oyun boyu üstün tərəf olan İstanbul klubu topa sahib olmada (54%-46%), qol epizodlarının kəskinliyində (3,2 xG - 1,86 xG) və çərçivəyə zərbələrdə (10-9) rəqibini qabaqlayıb. Yüksək gərginlik şəraitində keçən görüşdə hakim ümumilikdə 8 sarı vərəqə göstərib. “Beşiktaş”dan Salih Özcan, Junior Olaitan, Kassoum Ouattara, Orkun Kökçü və Yasin Özcan, “Hapoel Beer-Şeva”dan isə Yonas Malede, Amankvah Forson və Eilel Peretz cəzalanan futbolçular sırasına düşüblər.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən