"Gürcüstan polisi mitinqlə futbol matçını səhv salıb" - Batumidə baş verənlərə REAKSİYA

 12:05 27.11.2026     65

UEFA Avropa Liqası çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” matçında insident yaşanıb. Buna səbəb türkiyəli azarkeşlərdən birinin Fələstin bayrağını qaldırması olub. Bundan sonra gürcü polisinin ona müdaxilə etməsi tərəflər arasında davaya səbəb olub. Hadisə ilə bağlı sosial şəbəkələrdə bir çox paylaşımlar edilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan tanınmış futbol eksperti, “Futbol Ofisi TV”nin direktoru Elçin Cəfərov hesab edir ki, UEFA bu cür qarşılaşmaları keçirərkən yaxın ölkələri, qonşu dövlətləri deyil, daha fərqli neytral meydançaları seçməlidir:

"Bu neytral meydançaların harada olmağından asılı olmayaraq, azarkeşsiz olmalıdır. Yəni bu matç azarkeşsiz keçirilməli idi. Burada UEFA-nın da ciddi səhvi var. Məsələn, bu matç Azərbaycanda keçirilsə belə, yenə azarkeşsiz keçirilməli idi. Yəni adətən İsrail təmsilçiləri ilə keçirilən qarşılaşmalarda UEFA neytral meydan olsa belə, azarkeşsiz keçirirdi. Yəni UEFA-nın çox ciddi səhvi var. Bu matça azarkeş alınmamalı idi".

Onun sözlərinə görə, polislərin azarkeşlərə bu cür qəddar rəftar göstərməsi qəbuledilməzdir:

"Adətən bu cür qarşılaşmalarda, ümumiyyətlə, normal futbol ölkələrində idman yarışlarının keçirilməsində cavabdeh olan polislər olur. Sən hansısa quldur, cinayətkar dəstəni saxlamaq üçün nəzərdə tutulan polis qrupunu futbol meydançasına, idman meydançasına cəlb edərsənsə, nəticəsi isə bu formada iyrənc, qəddar bir görüntü ortaya çıxarar. Yəqin ki, Gürcüstan polisi mitinqlə futbol matçını səhv salıb. Adətən Gürcüstanda olan mitinqlərdə bu cür qəddar rəftarın şahidi olmuşuq. Odur ki, Gürcüstan polisinin başqa ölkənin azarkeşlərinə qarşı nümayiş etdirdiyi bu qəddar, insana xas olmayan rəftarı qəti şəkildə pisləmək lazımdır və bununla bağlı da mən düşünürəm ki, Türkiyə tərəfi müəyyən ölçülər götürəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən