Gimnastımız beynəlxalq turnirdə bürünc medal qazandı

 09:17 08.04.2019     359

Almaniyanın paytaxtı Berlində keçirilən idman gimnastikası üzrə ənənəvi “Junior Team Cup” adlı beynəlxalq turnirin qaliblərinin adları müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasından Redaktor.az-a verilən məlumata görə, 26 ölkədən 140 gənc gimnastın toplaşdığı turnirdə ölkəmizi təmsil edən, Yeniyetmələrin Olimpiya Oyunları 2018-in iştirakçısı Səməd Məmmədli həmyaşıdları arasında fərqlənərək, bürünc medala layiq görülüb. Gimnastımızın dəstəli atda çıxışını hakimlər 12.850 xalla dəyərləndirib. Səməd turnikdəki nümayişinə görə də final mərhələsinə yüksəlib və yekunda 11.550 xalla 6-cı olub.

Digər təmsilçimiz Rüstəm Əhməd isə öz yaş kateqoriyasında dəstəli atda finala vəsiqə qazanıb. Yekun mərhələdə gənc gimnastımız 12.200 xalla yarışı 4-cü yerdə bitirib.