Azərbaycanlı futbolçu amerikalı turistin burnunu qırdı

 21:06 11.04.2019     429

Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev insident törədib.

REDAKTOR.AZ  Qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Moskva küçələrinin birində amerikalı turistlə əlbəyaxa olub.

Hadisə bu gün saat 11:00 radələrində baş verib. Quliyev idarə etdiyi maşınla svetoforun qırmızı işığında yolu keçib. Bu zaman onun avtomobili piyada keçidindən keçən amerikalı turist Maykl Ko Couns Eliyə toxunub. Nəticədə tərəflər arasında dava düşüb. Gənc futbolçu amerikalının burnunu qırıb.
Hadisə yerinə polis və təcili tibbi yardım gəlib. 

Quliyev əvvəlcə günahın turistdə olduğunu, onun maşınına zərbə vurduğunu desə də, daha sonra səhvini etiraf edib və qarşı tərəfdən dəfələrlə üzr istəyib. O, turistin xəstəxana xərcini də üzərinə götürüb. Cons Eli isə futbolçudan şikayətçi olmadığını bildirib. 

Qeyd edək ki, Rusiya mətbuatı ötən ilin sonunda "Mersedes" alan Quliyevin 200-ə yaxın yol hərəkət qaydasını pozduğunu yazıb.