Samboçumuz Avropa çempionatında bürünc medal qazandı

 17:23 13.04.2019     467

Bu gün Kiprin Limasol şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı start götürüb.

Redaktor.az-ın Metbuat.az-a istinadən məlumatına görə, yarışda ölkəmizi 12 idmançı təmsil edir. Komandamız yeniyetmələr arasında 8, gənclərin yarışında isə 4 idmançı ilə mübarizə aparır. 

Yığma komandamızın heyətində «Judo Club 2012»nin gənc samboçusu Vilayət Bayramov da yer alıb. Klubun yetirməsi qitə çempionatının ilk günündə ölkəmizə bürünc medal qazandırıb. Gənclər arasında yarışda 62 kq çəki dərəcəsində çıxış edən Vilayət Bayramov ilk görüşdə Fransa təmsilçisi üzərində qələbə qazanıb. 

Növbəti mərhələdə ukraynalı idmançıya məğlub olan samboçumuz bürünc medal uğrunda təsəlliverici görüşlərdə qüvvəsini sınayıb. Samboçumuz ilk təsəlliverici görüşdə bolqarıstanlı idmançıya tam üstünlüklə qalib gəlib. Üçüncü yer uğrunda həlledici görüşdə isə Belarusidmançısı üzərində qələbə qazanan Vilayət Bayramov gənclər arasında Avropa çempionatının bürünc medalına layiq görülüb. Sambo üzrə Avropa çempionatına aprelin 16-da yekun vurulacaq.