AFFA təhqirə yol verən məşqçi və futbolçuları cəzalandırıb

 17:14 16.04.2019     467

AFFA İntizam Komitəsi oyunlar zamanı təhqirə yol verən 5 nəfəri cəzalandırıb.

Redaktor.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, I Divizionda XXI turunun MOİK – “Qarabağ-2” matçında qonaqların futbolçusu Məmməd Hüseynov təhqiredici ifadələr işlədib. Buna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Hüseynov 3 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.

U-17 Liqasında “Tufan” – “Sabah” qarşılaşmasında meydan sahiblərinin oyunçusu Nurlan Nuriyev hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəza alıb.

“Xəzər Lənkəran” – “Qəbələ” matçı başa çatdıqdan sonra cənubluların futbolçusu Əli Tağızadə təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəza ilə üzləşib.

Futzal üzrə II Liqada “Obolon”la görüşünün 15-ci dəqiqəsində “Advokat”ın məşqçisi Fuad Rzayev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunu buraxmalı olacaq.

“Metropoliten”lə duelin 30-cu dəqiqəsində AZMİU-nun futbolçusu Hakan Erik hakimlər briqadasın təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb.