Avropa Liqasının finalı Rusiyada keçirilə bilər - Klubun direktoru açıqladı

 22:43 24.04.2019     541

Moskvanın “Spartak” futbol klubunun stadionu “Otkrıtiye Arena”da UEFA Avropa Liqasının finalı keçirilə bilər.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda klubun kommersiya direktoru Aleksandr Atamanenko bildirib. O, qeyd edib:

“UEFA Avropa Liqasının finalını keçirməkdə maraqlıyıq. Amma Çempionlar Liqası keçirmək üçün potensialımız yoxdur”.

“Spartak” klubu 2014-cü ildə tikilmiş “Otkrıtiye Arena" stadionunda ev oyunlarını keçirir. Arenanın tamaşaçı tutumu 45 min 360 nəfərdir.

Qeyd edək ki, “Spartak” cari mövsüm Rusiya çempionatında öz meydanında keçirdiyi 13 oyundan 6-sını qələbə, 5-ini məğlubiyyət və 2-sini isə heç-heçə ilə başa vurub. Bu oyunlarda ümumilikdə 418 min 569 tamaşaçı (ortalama 32.2 min nəfər) iştirak edib.