Mxitaryan Azərbaycana gələcəkmi? - XİN və AFFA-dan AÇIQLAMA

 15:56 26.04.2019     883

"Biz hər hansı bir futbolçunun ölkəyə gəlişinə qadağa qoya bilmərik".

Redaktor.az xəbər verir ki, bu sözləri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla "Arsenal" futbol klubu bu il Bakıda keçiriləcək Avropa Liqasının finalına vəsiqə qazanacağı halda, erməni idmançı Henrix Mxitaryanın Bakıya gəlib-gəlməyəcəyi ilə bağlı sualını cavablandırarkən deyib. 

Qurum rəsmisi bildirib ki, belə bir beynəlxalq oyunu keçirməklə bağlı öhdəlik götürmüşüksə, bütün tələbləri yerinə yetirəcəyik.

"AFFA oyun təşkilatçısıdır. Biz hər hansı bir futbolçunun ölkəyə gəlişinə qadağa qoya bilmərik. Ölkəyə xarici vətəndaşın viza alaraq gəlməsini tənzimləyən qurum isə Xarici İşlər Nazirliyidir".

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Redaktor.az-a məsələ ilə bağlı açıqlama verib:

"Cavab olaraq bildirmək istərdik ki, idman siyasətdən kənardır". 

Qeyd edək ki, "Arsenal" Bakıda keçiriləcək Avropa Liqasının finalına vəsiqə qazanacağı halda, UEFA Azərbaycan vizasının alınmasında erməni əsilli futbolçuya dəstək göstərməyə hazır olduğunu bəyan edib.

Sərdar Məmmədov / Redaktor.az