Azərbaycanın çox güclü idmançıları var - Yelizaveta Yampolskaya

 18:44 26.04.2019     420

Bakıda Milli Gimnastika Arenasında ab-hava müsbətdir, tamaşaçılar idmançıları isti qarşılayır.

Bunu moldovalı gimnast Yelizaveta Yampolskaya deyib.

O bildirib ki, yarışın miqyasını və zalı nəzərə alaraq xalçaya çıxmaq bir qədər həyəcanlı idi, böyük məsuliyyət hiss edirsən.

Gimnast çıxışından çox da razı qalmadığını vurğulayıb: "Çıxışım daha yaxşı alına bilərdi. Hərçənd mən bütün alətlərə eyni yanaşıram, lakin hər halda gürzlərlə çıxış etmək daha rahatdır. Ümid edirəm ki, ikinci yarış günündə hər şey yaxşı olacaq".

İdmançı deyib ki, azərbaycanlı gimnastlarla şəxsən tanış olmasa da, onların çıxışlarını görüb:

"Sizin çox güclü gimnastlarınız var, düşünürəm ki, onlar final mərhələsinə yüksələ biləcəklər".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.//Trend.az