"Ayaks" Hollandiya çempionu olub - 34-cü dəfə

 04:33 16.05.2019     365

Hollandiya çempionatında 2018/19 mövsümünün əsas mərhələsinə yekun vurulub.

Redaktor.az ONA-ya istinadən bildirir ki, Erediviziyanın qalibi son turda müəyyənləşib.

XXXIV tur ərəfəsində ən yaxın izləyicisi PSV-ni üç xal qabaqlayan “Ayaks” səfərdə “Qraafşap”ın qonağı olub. 4:1 hesablı qələbə qazanan Amsterdam klubu xal hesabını 86-ya çatdırıb. Qonaqların heyətində Şöne və Taqlyafiko hərəyə bir, Tadiç iki qol vurub.

Öz meydanında “Herakles”i 3:1 hesabı ilə üstələyən PSV gümüş mükafatla kifayətlənib. Bürünc medalı isə Eyndhoven təmsilçisindən 18 xal geri qalan “Feyenoord”a nəsib olub.

Qeyd edək ki, 2013/14 mövsümündən sonra ilk qızıl medalını əldə edən “Ayaks” tarixində 34-cü dəfə ölkə çempionu olmaqla, PSV ilə qızıl medalların sayındakı fərqi 10-a çatdırıb.

Çempionat pley-off mərhələsi ilə davam etdiriləcək ki, burda da Erediviziyaya gələcək və gedəcək klublar bilinəcək.