Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başlayır

 10:13 16.05.2019     348

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək. 

Redaktor.az-ın məlumatına görə, yarış 4 gün davam edəcək və Milli Gimnastika Arenasında keçiriləcək. 

35 ölkənin iştirak edəcəyi çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. Ertəsi gün yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Azərbaycanda 4-cü dəfə təşkil olunacaq Avropa çempionatının şəxsi yarışlarında ölkəmizi Zöhrə Ağamirova və Veronika Hudis, komanda mübarizəsində isə Mədinə Əsədova, Ləman Alımuradova, Selcan Hacızadə, Milana Əkbərova, Fəridə Səfiyarzadə və Eleonora Yusifova təmsil edəcəklər.