Azərbaycanda İLK: “KNOCKOUT” Peşəkar Boks Klubunun açılış mərasimi oldu - VİDEO+FOTOLAR
Azərbaycanda ilk dəfə olaraq Dünya Boks Şurasının (WBC) sertifikatlaşdırdığı “KNOCKOUT” Peşəkar Boks Klubunun açılış mərasimi baş tutub.
Redaktor.az xəbər verir ki, klubun açılışı üçün Dünya Boks Şurasının Prezidenti Maurisio Sulaiman xüsusi olaraq Azərbaycana gəlib. Artıq ikinci dəfədir ölkəmizə gələn Maurisio Bakıda olduğundan məmnunluğunu bildirib:
“İki il öncə Dünya Boks Şurasının (WBC) 55-ci Konqresi Bakıda keçirildi. O vaxt mən Kamil Əliyevlə tanış deyildim. Bizim tanışlığımız 2018-ci ildə, Ukraynanın Kiyev şəhərində baş tutan konqres çərçivəsində reallaşdı. O, mənə Azərbaycanda bu cür klubun yaradılmasını təklif etdi. Şad oldum. Sizin ölkənin insanları çox istiqanlı, təbiətiniz isə möhtəşəmdir. Mən Azərbaycan boksçusu Roman Zakirovu tanıyıram və hesab edirəm ki, çox qısa müddətdə məhz buradan peşəkar boksçular çıxacaq və ölkənizi layiqli şəkildə dünya arenasında təmsil edəcək”.
“Knockout” Peşəkar Boks Klubu AKK Promotions şirkətinin nəzdində fəaliyyət göstərir. Klubun rəhbəri gənc iş adamı Kamil Əliyevdir:
“Şirkətimiz adından peşəkar boksçuların PR-ı ilə məşğulam. Artıq 10-a yaxın peşəkar boksçumuz var. “Knockout” Boks Klubunun yaranmasında əsas məqsəd peşəkar boksçuları tanıtdırıb, inkişaf etmələri üçün şərait yaradıb, onlara dünya çempionu adını qazandırmaqdır. Çünki kifayət qədər həvəskar boksçu var, amma professionallar azlıq təşkil edir. Hər il konqresdə Maurisio Sulaimana müxtəlif təkliflərlə gəlirlər, amma biz sözümüzü tutduq və bu cür əhatəli klubun fəaliyyətinə başladıq”.
“KNOCKOUT” Boks Klubu peşəkar boksla məşğul olmaq üçün ideal yerdir. Burada idmançılar üçün hər cür şərait var. Həm xanımlar, həm də bəylər üçün ring, yüksək zövqlə ərsəyə gələn 4 guşə, ən son avadanlıqlarla hazırlanan məşq alətləri, həm peşəkar, həm də həvəskarlar üçün xüsusu boks əlcəkləri, soyunma otaqları mövcuddur. Bir sözlə, idmançılar üçün hər bir məqam düşünülüb.
Əgər, siz də, peşəkar ya da həvəskar olaraq boksla məşğul olmaq istəyirsinizsə, o zaman yolunuzu mütləq bu məkandan salın.
İyun ayının 1-dən etibarən Yasamal Rayonu Şərifzadə küçəsi 86 ünvanında yerləşən “KNOCKOUT” Peşəkar Boks Klubu sizin öhdənizdədir. Kluba üzv olmaq arzusunda olan hər kəs buraya yaxınlaşıb üzvlük vəsiqəsini rahatlıqla əldə edə bilər.
Sevda Bayramova / REDAKTOR.AZ

































