“Bakı final oyununa tam hazırdır” - Azad Rəhimov

 14:04 24.05.2019     379

“Bakı, UEFA Avropa Liqasının final oyununa hazırdır”.

Redaktor.az-ın məlumatına görə, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Anadolu agentliyinə açıqlamasında bildirib ki, Bakının belə mötəbər tədbirlər keçirmək təcrübəsi var:

“Daha əvvəl Avropa Oyunları, İslam Həmrəyliyi oyunları və “Formula-1” kimi böyük idman yarışlarına ev sahibliyi etmişik. Lakin Bakı ilk dəfə belə mötəbər futbol qarşılaşmasına ev sahibliyi edəcək. 30 mindən çox xarici fanat Bakıya gələcək. Bu bizim üçün böyük sınaqdır. UEFA nümayəndələri stadiona baxış keçirib. Onlar 5 ballıq qiymətləndirmə üzərindən stadiona 4,5 qiymət veriblər. Stadionun inşaası zamanı bütün detallar nəzərə alınıb. Fanatların hava limanından buraya rahat gəlmələri üçün hər şey nəzərə alınıb”.

Anadolu agentliyi 65 minlik tutumu olan stadionda oyun günü 300 könüllünün xidmət göstərəcəyini yazıb. Arsenal tərəfdarları Bakının “Qış parkı”nda, Çelsi tərəfdarları isə “Sahil” parkında toplanacaq. Onlar xüsusi nəqliyyat vasitələriylə stadiona pulsuz daşınacaq. Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında baş tutacaq final oyunu mayın 29-da, Bakı saatı ilə 23:00-da start götürəcək.

Anar Türkeş / Redaktor.az