Bakıda Avropa Liqasının final oyununa ciddi hazırlıq işləri aparılıb

 10:45 27.05.2019     481

Bakıda Avropa Liqasının final oyununa ciddi hazırlıq işləri aparılıb.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

Səfir bildirib: “Əvvəllər də “Arsenal” və “Çelsi” klublarının azarkeşləri “Qarabağ” klubu ilə oyun zamanı Bakıda olublar. Onlar Azərbaycanla tanışdır və Bakının fantastik stadionunda artıq olublar”.

Azərbaycan və Böyük Britaniya arasında münasibətlərdən danışan diplomat Tofiq Bayramovdan özəl olaraq bəhs edib: “1966-cı ildə İngiltərədə keçirilən dunya çempionatında hakim olmuş və mükafat almış, Azərbaycandan olan Tofiq Bayramov bu gün də milli qəhrəman olaraq qəbul edilir. Onun adına Bakıda möhtəşəm stadion var”.

Kerol Krofts daha sonra qeyd edib ki, bu həftə Böyük Britaniya səfirliyi, ölkə futbolu, xüsusən hər iki klubun azarkeşləri üçün həyəcanlıdır. O əlavə edib: “Rəsmi şəxslər, futbol assosiasiyaları və klubları ilə əməkdaşlıq şəraitində bu oyun üçün yüksək hazırlıq işləri görülüb”.

Səfir, həmçinin Azərbaycan xalqını 28 may – Respublika günü münasibətilə təbrik edib.

Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.