İlqar Rəhimov səfir Teruyuki Katori ilə görüşüb

 16:10 31.05.2019     580

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə MPK prezidenti İlqar Rəhimov Azərbaycanda paralimpiya hərəkatı və sürətli inkişafı, idmançılarımızın beynəlxalq yarışlardakı uğurları, bu hərəkata dövlət qayğısı, uşaq paralimpiya hərəkatı və idmançıların reabilitasiyası, onların məişət şəraitin yaxşılaşdırılması və  cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə geniş məlumat verib. O, qeyd edib ki, hazırda komitənin nəzdində 16 idman növü mövcuddur ki, bunlardan 14-ü yay idman növü, ikisi isə qış idman növləridir. 

İlqar Rəhimov növbəti Yay Paralimpiya Oyunlarının Yaponiyada keçiriləcəyini xatırladaraq,  Milli Paralimpiya Komitəsinin bu oyunlara ciddi hazırlaşdığını bildirib.  "Tokio 2020" Yay Paralimpiya Oyunlarında  ölkəmizin cüdo, pauerliftinq, taekvondo, atletika, üzgüçülük, güllə atıcılığı, qılınc oynatma və boccia idman növləri üzrə  30 idmançının təmsil edəcəyi  proqnozlaşdırılır ki, bu da Azərbaycanı ötən Paralimpiya Oyunlarındakı statistiq rəqəmlərdə təmsil etmiş  idman növləri və idmançıların sayından çoxluğu ilə fərqlənir. MPK prezidenti Yaponiyanın Azərbaycandakı səfirliyi və Yaponiyanın Paralimpiya Komitəsi ilə birgə  əməkdaşlığın qurulmasının hər iki tərəf üçün önəmli olacağını bildirib.

Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Teruyuki Katori komitə nümayəndələrini qəbul etməkdən məmnun olduğunu qeyd edib. O, nitqində   Yaponiya səfirliyinin dəstəyi ilə ölkəmizdə idman sahəsində də bir sıra layihələrin həyata keçirildiyini bildirib. Belə ki, Gəncə şəhərində cüdo idman zalının Yaponiya səfirliyinin vəsaiti ilə təmir edildiyi və hər il orada "Səfir kuboku" yarışı  keçirildiyi qeyd olunub. Səfir Teruyuki Katori Azərbaycan Milli Paralimpiya Komitəsi ilə əməkdaşlığa maraqlı olduğunu bildirərək,  birgə layihələrin həyata keçiriləcəyinə ümid etdiyini qeyd edib.

Sonda birgə əməkdaşlıq barədə məsələlər geniş müzakirə olunub.  Yaponiya səfirliyində baş tutan görüşdə Milli Paralimpiya Komitənin birinci vitse-prezidenti Natiq Qasımov, vitse-prezident İlham Zəkiyev, baş katib Kamal Məmmədov,  səfirliyin katibi cənab Aşizuka Daici və digər məsul şəxslər iştirak edib.

Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən