"Azərbaycan yığmasına vurduğum qola təəccübləndim" - Stanislav Lobotka

 14:26 12.06.2019  65

"Vurulan qoldan sonra mən bir qədər təəccübləndim. Çünki çox da qol vurmuram. Qol sevincini necə bölüşəcəyimi bilmirdim. Yanımdakı komanda yoldaşlarım mənə kömək etdilər".

Redaktor.az-ın report.az-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan milli komandası ilə AVRO-2020-nin seçmə qrup oyununda hesabı açan Slovakiya yığmasının futbolçusu Stanislav Lobotka deyib. "Selta"da çıxış edən 25 yaşlı yarımmüdafiəçi bildirib ki, İspaniya klubundakı məşqçilər onun daim zərbə vurmasını tələb edirlər: "Yığmadakı komanda yoldaşım Robert Bojenik ötürmə gözləyirdi, mən isə zərbə endirməyə çalışırdım. Hər bir vurulan zərbə zamanı qərar qəbul etmək lazımdır. Bu səbəbdən, biz nəticəyə və sərgilənən oyuna görə şadıq".

Qeyd edək ki, Stanislav Lobotka Bakıda Azərbaycan millisinə 5:1 hesabı ilə qalib gəldikləri görüşün 8-ci dəqiqəsində fərqlənib. Oyundan sonra yığmanın baş məşqçisi Nikola Yurçeviç rəhbərlik etdiyi komandanın futbolçularının üst-üstə Lobotkanın qiyməti qədər - 25 milyon avro  olmadığını bildirib.