Toğrul Əsgərov Avropa Oyunlarına yollanacaq heyətdən ÇIXARILDI

 07:05 20.06.2019     398

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək güləş üzrə Azərbaycan yığmasının heyəti dəqiqləşib.

Redaktor.az APA-ya istinadən bildirir ki, Milli Olimpiya Komitəsinin açıqladığı ilkin siyahı ilə müqayisədə iki dəyişiklik olub.

Onlardan biri Olimpiya çempionumuz Toğrul Əsgərovdur (74 kq). Bir müddətdir yarışlardan kənar qalan I Avropa Oyunlarının qalibi Minsk-2019-da iştirak etməyəcək. Onu Hacımurad Hacıyev əvəzləyəcək.

T.Əsgərovdan başqa, sərbəst güləş üzrə yığmamızın kapitanı Cəbrayıl Həsənov (87 kq) da II Avropa Oyunlarından kənar qalacaq. Bakı-2015-in bürünc mükafatçısının əvəzinə Belarusa Aleksandr Qostiyev aparılacaq.

Güləş millimizin heyəti
Sərbəst güləş: Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımirad Hacıyev (74 kq), Aleksandr Qostiyev (87 kq), Nurmaqomed Qadjiyev (97 kq), Camaləddin Maqomedov (125 kq); 
yunan-Roma güləşi: Sakit Quliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq); 
qadın güləşi: Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq), Səbinə Əliyeva (76 kq).

Qeyd edək ki, iyunun 21-30-da keçiriləcək II Avropa Oyunlarında Azərbaycan yığması 82 idmançı ilə mübarizə aparacaq. Güləş yarışları isə iyunun 25-30-da olacaq.