Minsk-2019: İrina Zaretska finala yüksəlib - YENİLƏNİB-1

 17:38 29.06.2019     456

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının karate yarışlarında kumite üzrə yarımfinal mərhələsi start götürüb.

Redaktor.az APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına istinadən xəbər verir ki, 68 kq çəkidə mübarizə aparan qadın karateçilər tatamı üzərinə çıxıblar. Azərbaycan yığmasının üzvü İrina Zaretska da finala vəsiqə uğrunda mübarizə aparıb. O, ukraynalı Qalina Melniklə üz-üzə gəlib.

Qələbə qazanan idmançımız finala yüksəlib. Onun həlledici qarşılaşması Bakı vaxtı ilə saat 19:01-də başlayacaq.

İ.Zaretskanın rəqibi Silviya Semeraro (İtaliya) – Yelena Quiriçi (İsveçrə) cütündə bilinəcək.

Qeyd edək ki, yığmamızın daja bir karateçisi bu gün yarımfinalda qüvvəsini sınayacaq. Asiman Qurbanlı kişilərin 84 kq çəki dərəcəsində kumite yarışlarında finala vəsiqə üçün mübarizə aparacaq. Katada çıxışını başa vuran Roman Heydərov isə bürünc medal əldə edib.

***

Saat. 14:39

Azərbaycan yığmasının karateçisi Asiman Qurbanlı Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə başlayıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 84 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz qrup mərhələsində üç döyüş keçirib.

Tirol Darnel Lardini (Hollandiya) 2:0, Alparslan Yamanoğlunu (Türkiyə) 1:0 hesabı ilə yenən idmançımız Conatan Horne (Almaniya) ilə heç-heçə edib – 0:0. Bu nəticələrdən sonra A.Qurbanlı A qrupunda 2-ci yeri tutub.

Yarımfinala yüksələn təmsilçimizin rəqibi digər qrupun döyüşləri başa çatdıqdan sonra bilinəcək.

Qeyd edək ki, kişilərin 84 kq çəki dərəcəsindəki yarımfinal döyüşləri Bakı vaxtı ilə 17:47-də başlayacaq.

***

Saat. 13:49

Daha bir Azərbaycan karateçisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə başlayıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, qadınların 68 kq çəki dərəcəsində çıxış edən İrina Zaretska yarışa uğurla başlayıb.

O, qrup mərhələsində Silviya Semeraro (İtaliya) ilə 0:0 hesablı heç-heçə etdikdən sonra ardıcıl iki qələbə qazanıb. Karateçimiz Alize Aqieri (Fransa) 7:2, Miroslava Kopunovanı  (Slovakiya) 6:0 hesabı ilə məğlub edib.

İ.Zaretska saat 16:16-də başlayacaq yarımfinal mərhələsinə vəsiqə qazanıb. Onun rəqibi digər qrupda mübarizə başa çatdıqdan sonra dəqiqləşəcək.