Azərbaycanda idman jurnalistləri NİYƏ TƏNQİD EDƏ BİLMİR?

 16:36 02.07.2019     907

Hər il iyulun 2-si Beynəlxalq İdman Jurnalistikası günü kimi qeyd edilir.

1924-cü ilin bu günü Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası yaradılıb. Hazırda dünyada 130 dövlətin idman jurnalistlərinin milli birlikləri bu assosiasiyanın üzvüdür.

Redaktor.az bu münasibətlə Azərbaycan KİV-də sözünü demiş, kifayət qədər tanınan idman jurnalistlərindən bu sahədəki mövcud vəziyyətlə bağlı fikirlərini öyrənib.

Görəsən, Azərbaycanda idman jurnalistikasındakı mövcud vəziyyət onları qane edirmi? Və yaxud da onu necə görmək istərdilər?

ATV-nin İdman Departamentinin rəhbəri və aparıcısı İlkin Fikrətoğlu:

“İlk növbədə maddi baxımdan qane etmir. İstedadlı jurnalistlər kifayət qədərdir, amma təəssüf ki, maaşları çox aşağıdır. Bu baxımdan inkişaf getməlidir. Jurnalistlər tənqid edə bilmirlər. Azad reklam olmalıdır. Azadlıq olmalıdır, bu da iqtisadi baxımından asılıdır. Azad olanda jurnalist fikirlərini sərbəst söyləyə bilir, onu çərçivəyə salmaq olmaz. İdman jurnalistikasında senzura yoxdur. Televiziyada ən geniş auditoriya buradadır”.

“Space TV”də İdman Departamentinin rəhbəri və aparıcısı Tural Xudiyev:

"Azərbaycanda idman jurnalistikası ənənəsi olan peşələrdəndir. Bu gün biz çəkinmədən deyə bilərik ki, bu sahə həqiqətən də tarixə söykənir. Ustad qələm sahiblərimizin adlarını sadalamaqla kimlərisə fərqləndirmək istəməzdim. Amma yetərincə layiqli simalar olub ki, bu gün də böyük ehtiramla xatırlanırlar. Söhbət həm yazılı mətbuatdan, həm televiziya və radio sahəsindən gedir. Təbii ki, ənənə varsa, onun davamı da olmalıdır. Bu gün Azərbaycan idman jurnalistikasında yetərincə istedadlı, bacarıqlı həmkarlarım fəaliyyət göstərir. Deyərdim ki, bu peşəni dəlicəsinə sevən, bütün çətinliklərinə sinə gərən insanlar həmin ənənəni davam etdirməyə çalışırlar. Olduqca çətin və məsuliyyətli peşədir. Əsl idman jurnalisti olmaq üçün, mütləq şəkildə idmanın, həm də jurnalistikanın fanatı olmalısan. Bunlardan biri axsadısa, alınmayacaq. Vaxtını hədər yerə sərf etməyə dəyməz. İnkişaf tempinə gəldikdə isə, deyərdim ki, hazırkı vəziyyətdə idman jurnalistlərinin potensialı ilə mövcud imkanlar tərs mütənasibdir. Bayaq da dediyim kimi, yetərincə istedadlı jurnalistlər var. Təəssüf ki, onlar öz potensiallarını açmaqda çətinlik çəkirlər. Televiziya sahəsində xeyli irəliləyiş var. İki ixtisaslaşmış telekanal fəaliyyət göstərir ki, orada çalışan həmkarlarımız yeniliklərə can atırlar və bu da müəyyən mənada alınır. Amma yazılı və elektron KİV-də idman jurnalistlərinin fəaliyyət imkanları məhduddur. Reklam bazarının demək olar ki yoxluğu inkişaf tempini kəskin şəkildə azaldır. Bu gün idman saytlarının, qəzetlərin varlığı demək olar ki, yalnız bir neçə futbol klubunun reklam adı ilə verdiyi ianələrdən asılıdır ki, bu da əksər hallarda jurnalistin azad fikir sahibi yox, tərəfkeş kimi çıxışına zəmin yaradıb. Bununla belə daim azad fikri, qətiyyətli mövqeyi ilə seçilən həmkarlarımız var və mən onların peşə gününü təbrik edir, bu çətin və şərəfli işlərində uğurlar arzulayıram".

Sevda Bayramova / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən