Azərbaycan çempionu: “Şansımızı qaçırmamalıyıq”

 12:05 05.07.2019     387

“Çətin qrupda yer aldığımızı deyə bilərəm. “Benfika” Portuqaliya çempionatının qalibidir, özü də onlar pley-offda Çempionlar Liqasının son qalibi “Sportinq”i məğlub ediblər”. 

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bunu futzal üzrə Azərbaycan çempionu “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva deyib. 

Braziliyalı mütəxəssis Çempionlar Liqasının püşkünü dəyərləndirib. Naxçıvan klubunun çalışdırıcısı bildirib ki, komandasını II qrupda Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson”la (Ukrayna) heç də asan oyunlar gözləmir: “Nəticələrə əsaslanıb, “Benfika”nın favorit olduğunu vurğulaya bilərəm. Belçika təmsilçisi də güclü komandadır. “Halle Gooik” ardıcıl 3 mövsümdür ki, ölkə çempionu olur. Üstəlik, elit-raunda da yüksəlib. Reytinq cədvəlində də üst sıralarda qərarlaşıb. Həm də qrup oyunlarına ev sahibliyi edəcəklər. Ukrayna təmsilçisi də asan rəqib deyil. “Xerson” çempionatlarında aşkar favorit hesab edilən “Uraqan”ı “taxtdan” saldı. Heyətlərində 4-5 braziliyalı oyunçu var. Komandaya ispan baş məşqçi rəhbərlik edir. Bir sözlə, güclü rəqiblərlə qarşılaşacağıq. Bununla rəqiblərimizi böyüdüb, özümüzü kiçiltmirəm. “Araz” da rəqibləri üçün çətin komandadır”.

 

O, Azərbaycan Futzal Federasiyasına açıqlamasında komandasının şanslarını da yüksək qiymətləndirib: “Mərhələ adlamaq üçün yaxşı şansımız var. Çünki əvvəlki 2 ildən fərqli olaraq bu dəfə A yolunda mübarizə aparacağıq. Deməli, qrupumuzdan 3 komanda elit-raunda yüksələcək. Bir qələbə qazanmaqla bu şansı böyük ölçüdə əldə edəcəyik. Digər tərəfdən, heyəti formalaşdırmalıyıq. Hazırda “Araz”ın heyətindəki oyunçuların sayı azdır. Əlbəttə, keyfiyyətli futzalçılarla güclənməliyik. Planlarımız var. Yaxşı hazırlaşmalı, şansımızı qaçırmamalıyıq”.

Qeyd edək ki, II qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək.