Bu gün "Qarabağ"da "Partizan" müharibəsi gedəcək...

 16:10 17.07.2019     412

Bu gün futbol üzrə Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirəcək.

Redaktor.az APA-ya istinadən bildirir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayacaq.

Qurban Qurbanovun yetirmələri Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaqlar. Ötən həftə Tiranada keçirilən qarşılaşmada qolsuz heç-heçə edən təmsilçimiz mərhələ adlamaq üçün mütləq qalib gəlməlidir.

Ardıcıl 5 il qitə kuboklarının qrup mərhələsinə yüksələn “Qarabağ” eyni uğura gedən yolda ilk addımını “Dalğa Arena”da atmalıdır. Yeni mövsümün ilk ev oyununda doğma azarkeşləri önünə çıxacaq ağdamlılar mərhələ adlasa, “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) cütünün qalibi ilə görüşəcəklər. Əgər çempionumuz bu vəzifənin öhdəsindən gələ bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. Burada isə rəqib Moldova "Şerif"i olacaq. 

Qeyd edək ki, “Qarabağ” – “Partizani” görüşü saat 21:00-da başlayacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul
21:00. “Qarabağ” – “Partizani” (Albaniya)

Baş hakim: Dumitri Muntean
Baş hakimin köməkçiləri: Vlad Lifçiu, Andrei Bodean
Dördüncü hakim: Aleksandru Tean (hamısı Moldova)
UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə)
Hakim-inspektor: Uilyam Yang (Şotlandiya)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 0:0