Bakı-2019: Azərbaycan güləşçiləri bir qızıl və bir bürünc medal qazanıblar - YENİLƏNİB-1

 16:20 21.07.2019     377

XV Avropa Gənclər Yay Olimpiya Festivalında güləş yarışları davam edir. 

Redaktor.az-ın məlumatına görə, yunan-Roma güləşçiləri mükafat uğrunda qarşılaşmalar başlayıb.

Azərbaycan idmançısı Nihat Məmmədli bürünc medal uğrunda görüşə çıxıb. O, türkiyəli Bekir Ateşlə qarşılaşıb.

Təmiz qələbə (11:0) əldə edən güləşçimiz bürünc mükafata yiyələnib.

Qeyd edək ki, bu, yığmamızın ikinci medalıdır. 45 kq çəkidə yarışan yunan-Roma güləşçisi Fərid Sadıxlı çempion adını qazanmışdı.

***

Saat. 16:12

XV Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışlarında həlledici qarşılaşmalar start götürüb.

Redaktor.az-ın məlumatına görə, ilk mükafatçılar yunan-Roma güləşində müəyyənləşib.
 
45 kq çəki dərəcəsində bürünc və qızıl medal uğrunda görüşlər keçirilib. Azərbaycan millisinin üzvü Fərid Sadıxlı çempionluq uğrunda mübarizə aparıb.

Əvvəlki qarşılaşmalarda Andrea Martinonu (İtaliya) 4:0, Davit Qvasalianı (Gürcüstan) 3:1, Maksim Qurovu (Rusiya) 4:0 hesabı ilə məğlub edən güləşçimiz finalda türkiyəli Umut Çobanla üz-üzə gəlib.

Təmiz qələbə (9:0) qazanan F. Sadıxlı festivalın ilk çempionu olub. O, qarşılaşmanı vaxtından əvvəl bitirib.

Qeyd edək ki, bu gün daha üç güləşçimiz medal uğrunda mübarizə aparacaq. Onlardan ikisi qızıl, biri bürünc üçün güləşəcək.

***

Saat. 12:50

XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb.

Redaktor.az-ın məlumatına görə, festivalın ilk günündə 4 çəki dərəcəsində mübarizə aparan güləşçilər mübarizəyə başlayıb.

Azərbaycan millisinin dörd güləşçisi də xalça üzərinə çıxıb. İki sərbəst güləşçimiz finala qədər irəliləməyə nail olub. Yunan-Roma güləşçilərimizdən biri finala vəsiqə qazanıbsa, digəri təsəlliverici görüşdə qüvvəsini sınayacaq.

Sərbəst güləş
45 kq

A qrupunda mübarizə aparan Murad Haqverdiyev Eldar Asakayevə (Rusiya) 5:0, belaruslu Mikita Berazuna 4:1, türkiyəli Bahri Söylerə 4:1 hesabı ilə qalib gəlib. Yarımfinalda polşalı Fabian Nedziyevskini 4:0 hesabı ilə üstələyən güləşçimiz finala yüksəlib. O, həlledici görüşdə Gürcüstan təmsilçisi Nikoloz Santeladze ilə qarşılaşacaq.

55 kq
Əbülfəz Nəsirov 1/8 finalda Harvey Ridinqsi (Böyük Britaniya) 5:4 hesabı ilə məğlub edib. O, 1/4 finalda gürcüstanlı Bezani Barsonidzeni 4:1, yarımfinalda rusiyalı Maqomed Eltemirovu 4:0 hesabı ilə üstələyərək finala çıxıb. Güləşçimiz qızıl medal uğrunda italiyalı Simone Vinçentso Piroddu ilə görüşəcək.

Yunan-Roma güləşi
45 kq

Fərid Sadıxlı təsnifatda Andrea Martinonu (İtaliya) 4:0, 1/4 finalda gürcüstanlı Davit Qvasalianı 3:1, yarımfinalda rusiyalı Maksim Qurovu 4:0 hesabı ilə məğlub edib. Təmsilçimiz finalda türkiyəli Umut Çobanla üz-üzə gələcək.

55 kq
Yarışa 1/8 finaldan başlayan Nihat Məmmədli Olivye Şkripçaka (Polşa) 4:0 hesabı ilə qalib gəlib. Güləşçimiz 1/4 finalda gürcüstanlı Romeo Beridzeyə 0:5 hesabı ilə uduzaraq çempionluq şansını itirib. Rəqib finala çıxdığından idmançımız təsəlliverici qarşılaşmalara vəsiqə əldə edib.
Burada fransalı Dries Yanis Nifri (Fransa) üzərinə 4:0 hesablı qələbə qazanan təmsilçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, medal uğrunda qarşılaşmalar saat 16:00-da start götürəcək.(apa)