FİDE reytinqində Şəhriyar Məmmədyarov geriləyib

 09:37 01.08.2019     295

FİDE avqust ayı üçün reytinq cədvəlini açıqlayıb. 

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, kişilər arasında “Top-100”də Azərbaycanın 4 şahmatçısı yer alıb.

Təmsilçilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdur. O, bir pillə geriləyərək 9-cu pillədə qərarlaşıb və 2764 reytinq xalına malikdir. 

Ondan 6 xal geri qalan Teymur Rəcəbov isə bir pillə irəliləyərək 12-ci yerə yüksəlib.

Arkadi Naydiç (2675) 62-ci sırada qalıbsa, Qədir Hüseynov (2654) 101-ci pillədədir. Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2882) başçılıq edir. 

Qadın şahmatçıların ən güclü “100-lüy”ündə isə 2 həmyerlimiz var. Bir pillə geriləyən Günay Məmmədzadə 2425 xalla 41-ci pillədə yer alıb. 

Xanım Balacayeva isə 2367 xalla 97-cidir. Sonuncu dəfə bu ilin mayında “100-lüy”ə düşən şahmatçımız iki aylıq fasilədən sonra güclülər sırasına dönüb. Qadın idmançıların siyahısında yenə Yifan Hou (Çin, 2659) liderdir.