"Qarabağ" səfərdə "Apoel"ə qalib gəldi

 23:04 06.08.2019     343

Çempionlar Liqasında III təsnifat mərhələsi start götürüb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” Kiprin APOEL klubu ilə qarşılaşıb.

 Oyunun bərabər mübarizə şəraitində keçən ilk yarısında qol vurulmayıb.

Fasilədən sonra daha yaxşı təsir bağışlayan Qurban Qurbanovun yetirmələri qələbə qazandıran qollara imza atıblar. Öncə Mahir Emreli, ardınca Queye Maqaye meydan sahiblərinin qapısına yol tapıb. Kiprlilər isə yalnız təsəlli qolu vurmağa nail olublar.

Bu, Ağdam klubunun cari mövsümdə ilk səfər qələbəsi olub. Əvvəlki mərhələlərdə rəqib meydanında heç-heçə, evdə qələbə prinsipi ilə irəliləyən “Qarabağ” bu dəfə ilk qarşılaşmada cütün taleyinə böyük ölçüdə aydınlıq gətirib.

Bunadək Albaniya “Partizani”si (0:0, 2:0) və İrlandiya “Dandalk”ını (1:1, 3:0) mübarizədən kənarlaşdıran çempionumuz məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. Kiprdə əldə olunan qələbə həm də tarixi əhəmiyyət kəsb edib. Bu, Azərbaycan klublarının avrokuboklar tarixində qazandığı yubiley - 100-cü qələbə olub.

Vumart və Güvən reklamı Vumart Güvən