"Qarabağ" Çempionlar Liqası ilə vidalaşıb

 22:21 13.08.2019     310

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə üz-üzə gəliblər. Səfərdə 2:1 hesabı ilə qalib gələn təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.

Mövsümdə ilk dəfə bu arenada meydana çıxan “Qarabağ” bu yay keçirdiyi 5 avrokubok matçında uduzmasa da, bu dəfə məğlubiyyətə üzülüb. Ağdam klubu zəif başladığı oyunun 34-cü dəqiqəsində qapısında qol görüb. Rəqibin kapitanı Tomas De Vinsenti penaltini dəqiq yerinə yetirib. İlk hissə qonaqların 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. 

İkinci 45 dəqiqə "Qarabağ"ın hücumları ilə başlayıb. Lakin son nöqtəni qoyan olmayıb. Azarkeşlərin dəstəyi də Qurban Qurbanovun komandasına kömək etməyib. Kiprlilər 68-ci dəqiqədə daha bir dəfə fərqlənərək, 2 top fərqi ilə önə keçiblər. 

Matç "Qarabağ"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ümumi hesabda 2:3 hesabı ilə uduzan Azərbaycan çempionu Çempionlar Liqası ilə vidalaşıb. 

Buna baxmayaraq, təmsilçimiz avrokubokda mübarizəni davam etdirəcək. "Qarabağ" Avropa Liqasının pley-offunda qüvvəsini sınayacaq. Burada rəqibimiz isə “Sutyeska” – “Linfild” cütünün qalibi olacaq.