Azərbaycan Premyer Liqasında 96 günlük fasilə başa çatır

 12:15 15.08.2019     331

Sabah Azərbaycan Premyer Liqasında 2019/20 mövsümü start götürəcək.

Redaktor.az-ın məlumatına görə, ölkə çempionatlarındakı 96 günlük fasilə I turun oyunları ilə başa çatacaq.

Yeni mövsümün açılış turunun qarşılaşmaları ayrı-ayrı günlərdə keçiriləcək. Dörd matç dörd gündə baş tutacaq.

İlk oyun günündə ötən mövsümü fərqli qütblərdə yekunlaşdıran komandalar görüşəcək. Son illərin çempionu “Qarabağ” yüksək dəstədə komanda çatışmazlığı üzündən saxlanılan “Keşlə”nin qonağı olacaq.

Ertəsi gün Azərbaycan kubokunun son finalçıları üz-üzə gələcəklər. “Qəbələ” və “Sumqayıt” daxili yarışlarda ardıcıl üçüncü oyunlarını bir-birinə qarşı keçirəcək. Ötən mövsümün son qarşılaşmasında, ardınca finalda görüşən rəqiblər bu dəfə Qəbələdə üz-üzə gələcəklər.

Turun digər iki matçında paytaxt derbiləri baş tutacaq. Öncə “Səbail”lə “Zirə” münasibətlərinə aydınlıq gətirəcək. Tura Azərbaycanın ən titullu klubu “Neftçi”nin oyunu ilə yekun vurulacaq. “Ağ-qaralar” öz meydanında “Sabah”ı sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
I tur
16 avqust (cümə)
“Keşlə” – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov
“Dalğa Arena”, 19:00

17 avqust (şənbə)
“Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu, 19:00

18 avqust (bazar)
“Səbail” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
“ASCO Arena”, 20:00

19 avqust (bazar ertəsi)
“Neftçi” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
“Bakcell Arena”, 20:00