"Neftçi" Avropa Liqasında çıxışını başa vurdu - YENİLƏNİB

 22:52 15.08.2019     397

Bakının “Neftçi” klubu bu gün növbəti avrokubok oyununu keçirib.
 
Redaktor.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində cavab matçına çıxıb.

Ölkənin ən titullu klubu İsraildə yerli “Bney Yehuda” ilə üz-üzə gəlib. Bakıda 2:2 hesablı heç-heçə ilə kifayətlənən paytaxt klubu Petah Tikvada qalib gəlmək arzusunda olsa da, rəqib buna imkan verməyib.

Cari mövsüm səfərdə keçirdiyi hər iki görüşdə quru hesabla qalib gələn Roberto Bordinin yetirmələri bu dəfə 0:2 hesablı məğlubiyyətə üzülüblər. Oyunda zəif təsir bağışlayan "ağ-qaralar" qapılarında ilk qolu 14-cü dəqiqədə görüblər. Dor Yanın zərbəsi dəqiq alınıb. 

Effektsiz hücumlar edən "Neftçi" 66-cı dəqiqədə ikinci dəfə cəzalanıb. Tambi Saqasın qolu fərqi artırıb. Oyunun sonlarında isə Azərbaycan təmsilçisi təsəlli qolu vurmağı bacarıb. Emin Mahmudov penaltini dəqiq yerinə yetirib. 

Beləliklə, 1:2 hesabı ilə uduzan Bakı təmsilçisi Avropa Liqası ilə vidalaşıb. 

Qeyd edək ki, "Neftçi" əvvəlki mərhələlərdə “Speranta” (Moldova) və "Arsenal"a (Rusiya, Tula) qalib gəlmişdi. 

Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
15 avqust
21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi” - 1:2
QOLLAR: 
Yan, 14, Saqas, 66 - Mahmudov, 90+3 (pen)
Baş hakim: Daniele Doveri (İtaliya) 
“Bney Yehuda”: 1. Emiliyus Zubas, 3. Dan Mori (K), 5. Daniel Felczer, 6. Amir Rustom, 8. Şay Mazor, 9. Dor Yan, 11. Mohammed Qadir, 16. Avişay Koen, 19. İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi 
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 2. Dor Elo, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Ben Şimon, 77. Şimşon Şemor Tsaadon
Baş məşqçi: Yossi Abukassis
“Neftçi”: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 9. Baqali Dabo, 11. Vanqelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov
Baş məşqçi: Roberto Bordin
Petah Tikva. "Ha Moşava" stadionu
İlk oyun – 2:2

***

Saat. 22:48

Avropa Liqasının III təsnifat mərhələsinin “Bney Yehuda” (İsrail) - “Neftçi” (Azərbaycan) oyununda Bakı klubu fərqi azaldıb.

Redaktor.az-ın məlumatına görə, Petah Tikvada təşkil olunan görüşün 90+3-cü dəqiqəsində Emin Mahmudov penaltini dəqiq yerinə yetirib - 1:2. 

***

Saat. 22:22

Avropa Liqasının III təsnifat mərhələsinin “Bney Yehuda” (İsrail) - “Neftçi” (Azərbaycan) oyununda ikinci qol vurulub.

Redaktor.az-ın məlumatına görə, Petah Tikvada təşkil olunan matçın 66-cı dəqiqəsində israillilər fərqi artırıblar. "Neftçi"ni bu dəfə Tambi Saqas cəzalandırıb. 

***

Saat. 22:00

Avropa Liqasının III təsnifat mərhələsinin “Bney Yehuda” (İsrail) - “Neftçi” (Azərbaycan) oyununda ikinci hissə başlayıb.

Redaktor.az-ın məlumatına görə, Petah Tikvada təşkil olunan matçın ilk 45 dəqiqəsindən sonra "Neftçi" məğlub durumdadır - 0:1. Rəqib 14-cü dəqiqədə qol sevinci yaşayıb.  

***

Saat. 21:45

Avropa Liqasının III təsnifat mərhələsinin “Bney Yehuda” (İsrail) - “Neftçi” (Azərbaycan) oyununda fasilə yaranıb.

Redaktor.az-ın məlumatına görə, Petah Tikvada təşkil olunan görüşün ilk 45 dəqiqəsindən sonra ev sahibləri 1:0 hesabı ilə öndədirlər. "Bney Yehuda" 14-cü dəqiqədə "Neftçi"nin qapısına yol tapıb. 

***

Saat. 21:16

Avropa Liqasının III təsnifat mərhələsinin “Bney Yehuda” (İsrail) - “Neftçi” (Azərbaycan) oyununda hesab açılıb.

Redaktor.az-ın məlumatına görə, Petah Tikvada təşkil olunan qarşılaşmanın 14-cü dəqiqəsində ev sahibləri fərqləniblər. "Ağ-qaralar"ı Dor Yan mərkəzə dəvət edib.

***

Saat. 21:05

Bakının “Neftçi” klubu bu gün növbəti avrokubok oyununu keçirir.
 
Redaktor.az-ın məlumatına görə, Avropa Liqasında mübarizəni davam etdirən Azərbaycan təmsilçisi III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Ölkənin ən titullu klubu İsraildə yerli “Bney Yehuda” ilə üz-üzə gəlir. Bakıda 2:2 hesablı heç-heçə ilə kifayətlənən paytaxt klubu səfərdə qalib gəlmək arzusundadır.
 
Pley-offa vəsiqə üçün bakılılar mütləq qələbə qazanmalıdır. Çünki komandanı növbəti mərhələyə daşıya biləcək heç-heçələr üçün ən azı üç qol vurulmalıdır.