“Bney Yehuda”ya qarşı oyunumuz alınmadı” - Rəhman Hacıyev

 11:30 16.08.2019     328

“Doğma meydandakı ilk oyunda 2:2 hesabı ilə heç-heçə etdik və onlara böyük üstünlük verdik. İkinci matçın ağır olacağını bilirdik. Hücumlara çox üstünlük verməyi planlaşdırırdıq”. 

Redaktor.az-ın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Rəhman Hacıyev İsraildə “Bney Yehuda” klubuna 1:2 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, rəqibin fərqlənməsindən sonra işləri çətinləşib: “Qələbə üçün bizə qol lazım idi. Rəqib isə əks hücumlardan istifadə etdi və fərqləndi. Bundan sonra işimiz daha da çətinləşdi. Boşluqlarımız çox oldu. Bura kimi gəlmişdik və əziyyət çəkmişdik. Artıq olan oldu. İrəliyə baxmaq və çempionata hazırlaşmaq lazımdır”. 

R. Hacıyev rəqibin əks hücumlarda çox yaxşı olduğunu deyib: “Onların sürətli oyunçuları var. Bizə qol lazım idi. Bunun üçün hücuma çox üstünlük verdik. Onlar da istifadə etdilər və qollar vurdular”.

26 yaşlı yarımmüdafiəçi komanda yoldaşları kimi məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdığını vurğulayıb: “İmkan olduğu qədər istəyirdim ki, uzaqdan zərbə vurum. Amma rəqib buna mane oldu. Buna görə də çətinlik çəkirdim. Zərbə vurmağımıza imkan vermədilər. Onlar yaxşı müdafiə olunur və futbolçuya yetəri qədər yaxın oynayırlar. Biz kənarlardan hücumlar qurmaq istəyirdik. Rəqib mərkəzi çox yaxşı bağladı, kənarlarda boşluqlar tapmaq mümkün idi. Amma istifadə edə bilmədik”.

O, II təsnifat mərhələsində məğlub etdikləri Rusiya “Arsenal”ını “Bney Yehuda” ilə müqayisə də edib: “Arsenal” bunlardan çox güclü komandadır. Komandanın oyunu alına və alınmaya bilər. Bu bizim futbolumuz deyil. “Bney Yehuda”ya qarşı oyunumuz alınmadı. Bundan yaxşı da oynaya bilərdik”.

Qeyd edək ki, “Neftçi” evdə 2:2 hesablı heç-heçə edib, səfərdə “Bney Yehuda”ya 1:2 hesabı ilə uduzduğundan Avropa Liqası ilə vidalaşıb.//Apa.az