UEFA AVRO-2020 pley-offu ilə bağlı ilkin versiyasını AÇIQLADI

 10:09 09.09.2019     404

AVRO-2020-nin seçmə mərhələsinin arxada qalan hissəsindən sonra pley-offda oynamağa potensial namizədlər müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, UEFA VI turun ilk oyun günündən sonra turnir cədvəllərində yaranan vəziyyətdə  pley-offda çıxış etməli olan komandaların siyahısını açıqlayıb.

Yəni seçmə mərhələ indi başa çatsa, son 4 vəsiqə uğrunda mübarizədəki 16 komandanın kimləri ola biləcəyi bəllidir. 

AVRO-2020-dən tətbiq olunan yeniləyə əsasən pley-offda Millətlər Liqasının qrup qalibləri, onların seçmə mərhələdə uğur qazanacağı halda isə Liqanın sıralamasındakı növbəti yığma çıxış edəcək.

A liqası
Hollandiya, İsveçrə, İslandiya, Bolqarıstan/İsrail
Çoxları Millətlər Liqasının qalibi olan Hollandiyanın AVRO-2020-yə yüksəldiyini düşünsə də, bu, yanlış fikirdir. “Narıncılar” seçmə mərhələdə vəsiqə qazanmasa, pley-offda oynamalıdır. Hazırkı durumda A liqasının 9 komandası seçmə mərhələdə ilk iki yerdən birini tutur. Digər üç yığma – Hollandiya, İsveçrə və İslandiya isə 2020-ci ilin martındakı pley-offa iddia edir. Bu durumda 4-cü komanda isə püşklə seçiləcək. C liqasında Bolqarıstanla İsraildən biri A liqasının pley-offuna gələcək. Digəri isə C liqasının pley-offunda mübarizə aparacaq.

B liqası
Bosniya və Herseqovina, Uels, Çexiya, Slovakiya
B liqasının 8 komandası seçmə mərhələdə ilk iki yerdən birində qərarlaşıb. Bu isə digər 4 yığmanın pley-offa qatılması deməkdir. Maraqlıdır ki, onlardan ikisi – Uelslə Slovakiya Azərbaycan yığması ilə eyni seçmə qrupunda çıxış edir.

C liqası
Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan/İsrail
C Liqasında qrup qaliblərindən yalnız Finlandiya seçmə mərhələdə uğurla çıxış edir. Onlar sonadək mövqeyini qorusa, Bolqarıstanla İsraildən biri pley-offda şimallıları əvəz edəcək.

D liqası
Gürcüstan, Şimali Makedoniya, Belarus, Lüksemburq
D liqasında da qrup qaliblərindən üçü pley-offda oynayacağını ehtimal etmək olar. Yalnız Kosovo seçmə mərhələ ilə birbaşa vəsiqəyə iddiaçıdır. Millətlər Liqasında Azərbaycanla eyni qrupda 1-ci olan balkanlıların bu uğuru millimizə fayda verməyəcək. Çünki pley-offda Kosovonu Lüksemburq əvəzləməlidir. Azərbaycanın pley-offa yüksəlməsi üçün isə Liqanın üç komandası seçmə mərhələdə uğur qazanmalıdır. Kosovodan başqa belə perspektivi yüksək olan komanda isə yoxdur. Düzdür, Lüksemburqla Ermənistan möcüzə şanslarını qoruyur. Lakin bu üç yığmanın birbaşa final mərhələsinə yüksəlməklə Azərbaycana yol açması inandırıcı görünmür.//Apa.az