AVRO-2020: Azərbaycan Xorvatiya ilə heç-heçə edib

 21:58 09.09.2019     271

Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsində mübarizə aparan yığma E qrupunda VI turunda qüvvəsini sınayıb.

Nikola Yurçeviçin baş məşqçisi olduğu komanda Xorvatiya ilə görüşüb. Buna qədər keçirdiyi bütün qarşılaşmalarda uduzan milli son dünya çempionatının gümüş mükafatçısı ilə görüşə ilk xal üçün çıxıb.

Oyunun əvvəlində Luka Modriç penalti zərbəsini qola çevirib. Birinci hissə millimizin 0-1 hesablı məğlubiyyəti ilə yekunlaşıb

İkinci hissədə fəal olan futbolçularımız hücumlarını davam etdirib. 

Cari tsiklin bütün matçlarında qol sevinci yaşayan yığma bu dəfə də azarkeşlərini sevindirməyə imkan tapıb. Əvvəlki qarşılaşmalarda Mahir Emreli və Ramil Şeydayev hərəyə iki dəfə fərqlənmişdisə, bu dəfə Təmkin Xəlilzadə qol sevinci yaşayıb. O, rəqibin üç futbolçusundan sıyrılaraq üz-üzə qaldığı qapıçını qarşısıalınmaz zərbə ilə məyus edib – 1:1.

Bununla da yığmamız seçmə mərhələdə ilk xalını qazanıb. Ardıcıl 5 qarşılaşmada qol vuran komandamız məğlubiyyət seriyasını da dayandırıb. Bu, komandamızın Xorvatiya ilə ev görüşlərindəki ikinci heç-heçəsidir. Dörd il əvvəl digər xorvatiyalı Robert Prosineçkinin baş məşqçi olduğu vaxt 0:0 hesabı qeydə alınmışdısa, Nikola Yurçeviç qollu heç-heçəyə sevinib.

Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Slovakiyanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, VI tur
9 sentyabr
20:00. Azərbaycan – Xorvatiya - 1:1
Qollar: 
Modriç, 11 (pen) - Xəlilov, 73
Baş hakim: Sandro Şarer (İsveçrə)
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda
Baş məşqçi: Nikola Yurçeviç
Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartoleç
Ehtiyat oyunçular: 12. Lovre Kaliniç, 23. Simon Sluqa, 2. Miyo Çaktaş, 5. Matey Mitroviç, 7. Yosip Brekalo, 8. Marko Roq, 9. Mislav Orşiç, 14. Mile Şkoriç, 15. Mario Paşaliç, 16. Tin Yedvay, 17. Dario Melnyak, 18. Milan Badel 
Baş məşqçi: Zlatko Daliç
Bakı. “Bakcell Arena” stadionu