Milli komandamız reytinq cədvəlində İRƏLİLƏDİ

 10:20 10.09.2019     344

Avropa Voleybol Konfederasiyası (CEV) qadınlardan ibarət milli komandaların reytinq siyahısı açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan yığması qitənin 11-ci komandasıdır.

Millinin hesabında 212 xal var. Voleybolçularımız iki il öncə keçirilən Avropa çempionatına görə 94, ötənilki dünya çempionatı üçün 36 xal toplayıbsa, 2 gün öncə yekunlaşan qitə çempionatı komandanın aktivinə 82 xal gətirib. Qrup mərhələsini ikinci pillədə başa vurub, ardınca 1/8 finalda mübarizəni dayandıran yığma yekunda 10-cu olub.

Azərbaycan komandası son çempionatdakı nəticə sayəsində reytinqdə iki pillə irəliləyib. Yarışdan öncə 13-cü olan milli Çexiya ilə Belarusu arxada qoyub. Bu komandalar müvafiq olaraq, üç və iki pillə geriləyiblər.

Hazırda voleybolçularımız 10-cu olan Xorvatiyadan cəmi iki xal geri qalır, ən yaxın izləyicisi Ukraynanı on xal qabaqlayırlar.

Ardıcıl ikinci dəfə Avropa çempionu olan Serbiya liderliyini qoruyub – 298 xal. İtaliya (286) Hollandiyanı (282) ikinci pillədən sıxışdırıb. Türkiyə (278), Rusiya (266), Almaniya (252), Bolqarıstan (242), Polşa (240), Belçika (232) və Xorvatiya (214) milliləri də ilk “onluq”da qərarlaşıblar.

Qeyd edək ki, cədvəldə Avropanın 45 yığması yer alıb.