“Bu cür təxribatlara aldanmamalıyıq” - Dani Kintana

 16:45 04.10.2019     301

“Ötən il “Arsenal”la qarşılaşmada da meydana əlində bu “bayraq” olan azarkeş çıxmışdı. O vaxt oyun dayandırılmamışdı. Lakin o da bir təxribat idi”.

Redaktor.az-ın məlumatına görə, bunu Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Dani Kintana deyib.

İspaniya mətbuatına açıqlama verən yarımmüdafiəçi Avropa Liqasının II turunun “Düdelanj”la Lüksemburqdakı qarşılaşmasında yaşananlar barədə fikirlərini açıqlayıb. D.Kintana birinci hissənin gedişində erməni təxribatçılar tərəfindən stadiona göndərilən drona əhəmiyyət verməməyin tərəfdarıdır: “Düşünürəm ki, bu cür təxribatlara aldanmamalıyıq. Baş məşqçimiz Qurban Qurbanov da bizə bunu deyir. Başa düşürəm ki, bəziləri üçün bunu etmək çox çətindir. Elə komanda yoldaşlarım var ki, məsələ onlara daha yaxından təsir edir. Çünki qohumlarını, ailə üzvlərini itiriblər, ya da evlərini tərk etməli olublar. Unutmaq lazım deyil ki, “Qarabağ” münaqişə zonasını təmsil edir”.

D.Kintana növbəti səfər matçında APOEL-lə Kiprdəki görüşdə də təxribatın olması ilə bağlı xəbərdarlıq aldıqlarını bildirib: “Bizə Kiprdə APOEL-lə görüşümüzlə bağlı da xəbərdarlıq olub. Orada erməni emiqrantlar çox olduğundan belə hal təkrarlana bilər. Təəssüf ki, belə hallar baş verməkdə davam edir”.

Qeyd edək ki, D.Kintana “Qarabağ”ın 4:1 hesabı ilə qalib gəldiyi matçda bir qol və bir məhsuldar ötürmə verib.