Azərbaycan millisi Rusiyaya UDUZDU
16 yaşadək qızlar ibarət Azərbaycan milli komandası Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatında üçüncü matçını keçirib.
Redaktor.az-ın məlumatına görə, Emin Əbilovun rəhbərlik etdiyi komanda Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan yarışda Rusiya ilə gücünü yoxlayıb.
A qrupunda yer alan voleybolçularımız ilk 2 matçdakı kimi məğlubiyyətə üzülüblər. Rusiyalılar təmsilçimizə göz açmağa imkan verməyiblər. Yığmamız heç bir setdə top sayını 10-a belə çatdıra bilməyib – 7:25, 9:25, 8:25.
0:3 hesabı məğlubiyyət komandamızın AVRO-2020-yə çıxmaq şansının da üstündən xətt çəkib. Çünki reqlamentə əsasən yarış qitə birinciliyinə seçmə statusu daşıyır və qrup qalibləri finalda üz-üzə gələcək ki, Azərbaycan millisi də bu şansını itirib. İlk pillədə qərarlaşan Rusiya 4 oyunda 4 qələbə qazanıbsa, Azərbaycan hələ də xalsızdır. 3 görüşdə meydana çıxan Ukrayna, Latviya və Gürcüstan isə 3 xala malikdir.
Komandamız növbəti - sonuncu turda Latviya ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, B qrupunda Belarus, Estoniya, Litva və Polşa milliləri mübarizə aparırlar.//Apa.az












