Azərbaycan millisinin sabiq baş məşqçisi zorlamaya görə 10 il həbs edilə bilər

 11:09 27.11.2019     289

Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherin məhkəməsində növbəti dinləmələr olub. 

Redaktor.az-ın məlumatına görə, 59 yaşlı avstriyalı mütəxəssis növbəti dəfə ittihamları rədd edib. 

O, ölkəsində keçirilən məhkəmədə şahidlərin çıxışlarından sonra günahkar olmadığını vurğulayıb. 

Dövlət ittihamçısı isə məşqçinin 1999-2004-cü illərdə rəhbərliyi altında hazırlıq keçən 2 xanım idmançısını zorladığını bir daha nəzərə çatdırıb. Həmin xanımlar 2013-cü ildə Zayzenbaherə qarşı şikayət ediblər. 

Ardınca 2012-2013-cü illərdə Azərbaycanda işləmiş məşqçinin vəkili də ittihamla razılaşmayıb və bunu böhtan adlandırıb: “Heç nə baş verməyib və heç kim zorlanmaya məruz qalmayıb”. 

Zayzenbaherin 1999-cu ildəki ilk “qurbanı”nın 11 yaşı olub və o həmin idmançıya 2002-ci ilədək təcavüz edib. Bundan başqa, çalışdırıcı 2004-cü 13 yaşlı başqa yetirməsinə də xoşagəlməz hərəkətlər edib. Mütəxəssisin 2001-ci ildə Xorvatiyada baş tutan təlim-məşq toplanışı vaxtı 16 yaşlı yeniyetmə cüdoçunu zorlaması da şikayətdə yer alıb. Əgər bu ittihamlar təsdiqlənərsə, yığmanın sabiq baş məşqçisi 10 il azadlıqdan məhrum ediləcək.

Qeyd edək ki, bu proses 3 il öncə başlamalı idi. Lakin məhkəmə 2016-cı ilin dekabrınadək uzanıb. Bir neçə ay ərzində onun harada olduğu bilinməyib. 2017-ci ilin avqustunda Kiyevdə həbs olunan baş məşqçi ekstradisiya edilməzdən öncə azadlığa buraxılıb. O, ikinci dəfə 3 ay əvvəl saxta sənədlə Ukraynadan Polşaya keçərkən saxlanılıb.//Apa.az