“Qarabağ” Avropa Liqasında antirekordunu müəyyənləşdirib

 14:00 29.11.2019     312

Ağdamın “Qarabağ” klubu Avropa Liqasının V turunda da qapısından qol buraxıb.

Redaktor.az-ın məlumatına görə, İspaniyada “Sevilya”ya 0:2 hesabı ilə uduzan Ağdam klubu bu il qrupda keçirdiyi bütün oyunlarda qapısında qol görüb.

“Sevilya”dan 5, ikincilik uğurundakı mübarizədə əsas rəqib olan APOEL-dən 4, “Düdelanj”dan 1 qol buraxan bosniya və herseqovinalı qapıçı Asmir Beqoviç ümumilikdə 10 topa üzülüb. Orta hesabla hər görüşdə 2 dəfə topu qapısında görən legioner yalnız autsayder “Düdelanj”la matçda 1 qola buraxmasına sevinib. Digər oyunlarda isə bu rəqəm 2 və ya 3 olunub.

Böyük səs-küylə İngiltərə “Bornmut”undan icarəyə götürülən A.Beqoviç avrokubok görüşlərində hələ də quru oyun keçirməyib. Görünür, Bosniya və Herseqovina millisindəki yerini itirməsi heç də əbəs deyilmiş. Böyük məbləğ qarşılığında heyətə qatılan qolkiperin səviyyəsi elə Azərbaycan Premyer Liqasında qapısını toxunulmaz saxlamaq üçün yetərli imiş. Hərçənd bunu əvəzləyicisinə çevrilən Vaqner Silva da, 3-cü qapıçı olan Şahruddin Məhəmmədəliyev də bacarır. 

Balkanlı qolkiperin keçidində əsas məqsəd qrup mərhələsində uğur idi. 1/16 finala yüksəlmək üçün ən münasib qrupa düşən “Qarabağ”ın hər bir oyunçusu kimi A.Beqoviç də ümidləri, ondan gözləniləni verə bilməyib.

Qrupda çıxış etdiyi vaxtda hər mövsüm ən azı bir quru oyunu olan “Qarabağ” bu il belə uğura da həsrətdir. “Düdelanj”la dekabrın 12-dəki matç bunun üçün son şans olacaq. Lakin heç vaxt ağdamlılar ilk 5 turun hamısında qol buraxmamışdı. Quru oyun əvvəlki turlara təsadüf edirdi.

2014/15 mövsümündə 3, 2015/16 mövsümündə 1, 2016/17 mövsümündə 2 quru oyuna sevinən “Qarabağ” Çempionlar Liqasında çıxış etdiyi 2018-ci ilin payızında da bir görüşü qol buraxmadan bitirmişdi. Ötən mövsümdə də bir qarşılaşmada çempionumuz qapısını toxunulmaz saxlamışdı.

“Qarabağ” avrokubokların əsas mərhələsində - qrupda ardıcıl 7 görüşdür qol buraxır. “Vorskla” ilə matçdan (1:0) sonra bütün rəqiblər ağdamlıların qapısına yol tapır. Ötən mövsümdə “Sportinq” (1:6) və “Arsenal” (0:1), cari turnirdə “Sevilya” (0:3, 0:2), “Düdelanj” (4:1), APOEL (2:2, 1:2) klubları ilə görüşlərindəki bu uğursuzluq zolağı klub tarixində antirekorddur. Bunadək heç vaxt “Qarabağ” əsas mərhələnin ardıcıl 7 matçında qol buraxmamışdı. 2015-16 və 2017-18-ci illərdə 6 matçlıq seriya olsa da, belə uzun zolaq qeydə alınmamışdı.//Apa.az